“Bu oyunda əsas heyətin bir neçə üzvünü - Flavinyo, Karlos Kardoso, Elvin Yunuszadə, Julius Vobay, Bruno Bertuççini meydana buraxmadım. Çünki onlar hazırlığa dünəndən başlamışdılar və fərdi şəkildə məşq edirdilər. Əvəzində, bir sıra gəncləri yoxladım. İki fərqli hissə izlədik. İlk yarıda komandamızdan razı qaldım. Penalti zərbəsindən sonra qol buraxsaq da, 2 qol vurub oyunu xeyrimizə çevirə bildik. İkinci hissədə heyətin yarıdan çoxunu dəyişdik. Əvəzedici komandadan toplanışa dəvət etdiyimiz futbolçuları meydana buraxdıq. Onların təcrübəsizliyi də öz sözünü dedi. Bununla belə, məğlub olmaya bilərdik. Məğlubiyyətdə hakimin də “rolu” az olmadı. Rəqibin ikinci qolu qeydə alınanda nəinki biz, hətta gürcülər də təəccübləndilər. Məqsəd İsayev topu qapı xəttindən yarım metr irəlidə başla uzaqlaşdırsa da, yan hakim qol qeydə aldı. Bundan başqa, hakim Elşən Abdullayevə qarşı açıq-aşkar kobudluğa göz yumdu və penalti təyin etmədi. Nəticədə məğlub olduq. Amma unutmayaq ki, bu bir yoxlama oyunudur. Üstəlik, komanda cəmi 4-5 gündü hazırlığa başlayıb. Toplanışın bu mərhələsində belə oyunlar ağır olur. Yoxlama oyunlarında buraxdığımız səhvləri təkrarlamamağa çalışacağıq və bu səhvlər üzərində işləyəcəyik”.