"Simurq"un hazırlıq planı məlum oldu, komanda 8 oyun keçirəcək

01:15 - 21 İyun 2014

Zaqatala təmsilçisi iyunun 26-sı Azərbaycanı tərk edir
 
2013/14-cü il mövsümü başa çatdıqdan sonra istirahətə yollanan "Simurq", iyunun 27-dən yeni futbol ilinin hazırlıqlarına start verəcək.
 
Sportal.az xəbər verir ki, "sarı-qaralar" iyunun 26-da Bakıdan birbaşa reyslə Vyanaya yola düşəcək. Buradan isə avtobusla Sloveniyaya keçərək, Paxorye rayonun ərazisində yerləşən Roqla dağındakı "Natura" otelində məskunlaşacaq. Hazırlıq planına uyğun olaraq burada əsasən fiziki gücün bərpası və artırılmasında ibarət məşqlər keçiriləcək. Georgi Çixradzenin yetirmələri iyulun 6-da, 9-da və 12-də yoldaşlıq görüşlərinə çıxacaq. Sonuncu yoxlama matçından bir gün sonra isə komanda ölkəyə qayıdacaq. 

"Simurq"un yay təlim-məşq toplanışının ikinci mərhələsinə iyulun 17-də start veriləcək. Avstriyada planlaşdırılan hazırlıq avqustun 1-nə qədər davam edəcək. Burada isə komanda beş yoldaşlıq görüşü keçirməyi planlaşdırır. Bundan sonra "sarı-qaralar" ölkəyə qayıdacaq və avqustun 4-də Zaqatalada bir araya gələrək, 2014/15-ci il mövsümünün ilk turunun hazırlıqlarını davam etdirəcək.


Komandanın təlim-məşq toplanışındakı rəqibləri haqqında yaxın günlərdə ətraflı məlumat veriləcək. Həmçinin hazırlıq dövründə Zaqatala təmsilçisi transfer çalışmalarını da, davam etdirəcək. Baxışa dəvət olunmuş futbolçular artıq Sloveniya toplanışından etibarən düşərgəyə təşrif buyuracaq. Onlar barəsində də, klubun rəsmi saytı vasitəsilə məlumatlar yayımlanacaq.  

 

Xəbər xətti