Oğuz Çətin: "Dənizli Fatih Terim kimi deyil"

13:20 - 16 İyul 2014

"Mənim yığmada baş məşqçi kimi işləməyimi istəmədi"
 
"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin Türkiyə millisinin çalışdırıcısı Fatih Terimi tənqid edib.

Sportal.az xəbər verir ki, o, Türkiyə mətbuatına açıqlamasında yığmada bir müddət birgə işlədiyi Fatih Terimin başqa məşqçilərin yolunu açmadığını deyib:

"2005-ci ildə Türkiyə millisində işləməyə başladım. O zaman Terim komandadan getdikdən sonra yığmanı mən və ya məşqçi heyətindəki şəxslərdən birinin çalışdıracağını düşünürdük. Ancaq F.Terim Türkiyə millisi ilə yolları ayırdıqdan sonra Qus Hiddink onun əvəzinə gətirildi. Hiddinklə də o, getdikdən sonra baş məşqçi olacağımı düşündüyüm üçün işlədim. 80 milli matçda komandanın məşqçilərindən biri oldum. Ancaq bu təcrübəm heç kəs tərəfindən dəyərləndirilmədi. Fatih Terim heç zaman mənə dəstək olmadı. Mənim yığmada baş məşqçi kimi işləməyimi istəmədi. Ancaq Mustafa Dənizli onun kimi deyil".

O.Çətin bildirib ki, Türkiyə millisini fərqli məşqçilər də çalışdırmalıdır: "Fatih Terim, Qus Hiddink, Abdullah Avcıdan sonra niyə Aykut Kocaman, Ertoğrul Sağlam kimi gənc məşqçilər millidə işləməsin? Ölkədə elit məşqçilərin sayını artırmaq lazımdır. Yalnız Fatih Terimi yığmaya gətirmək düzgün deyil. Elit məşqçilərin sayı artsa, ölkə futbolu da inkişaf edəcək".

Xəbər xətti