"Çixura"nın baş məşqçisi: "Neftçi" "Bursaspor" deyil"

15:10 - 27 İyul 2014

"Mən növbəti rəqib haqda yalnız xoş sözlər deyə bilərəm"
 
Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Neftçi"nin rəqibi "Çixura"nın baş məşqçisi Samson Pruidze açıqlama verib.
 
Sportal.az xəbər verir ki, Gürcüstan təmsilçisi ikinci raundda Türkiyənin "Bursaspor" klubunu penaltilər seriyasında 4:1 məğlub edərək mübarizədən kənarlaşdırıb. 56 yaşlı mütəxəssis bildirib ki, "Neftçi" barədə məlumatlıdır:


"Mən 8 ildir ki, komandaya rəhbərlik edirəm və indiyə qədər penaltilər seriyasında mərhələ adlaya bilməmişdik. Çox şadam ki, ilk dəfə belə uğura imza atdıq. "Bursaspor"un səviyyəli futbolçularının oynamasına və sürətli hücumlar təşkil etməsinə mane olmaq üçün zonaları bağlamağa çalışdıq. "Çixura" planlı şəkildə oyunu penaltilər seriyasına daşıdı və burada bəxtimiz gətirdi.

"Neftçi"yə gəlincə, biz az-çox tanışıq. Mən növbəti rəqib haqda yalnız xoş sözlər deyə bilərəm. Əlbəttə ki, "Neftçi" "Bursaspor" deyil, ancaq bu komandanın yaxşı yerli və əcnəbi futbolçuları var.

Biz sübut etdi ki, Avropanın orta səviyyəli güclü komandasına qarşı oynaya bilərik. Əgər şans bizim tərəfdə olsa, istənilən rəqib üzərində qələbə qazanmaq mümkündür".

Qeyd edək ki, bir müddət əvvəl "Neftçi" "Çixura" ilə yoxlama oyunu keçirib. Bir oyun 1:1 başa çatıb, digər qarşılaşmada Azərbaycan klubu 2:3 hesabı ilə uduzub.

İki il öncə isə "Neftçi" Gürcüstan çempionu "Zestafoni"ni ümumi hesabda 5:2 məğlub edib.

Xəbər xətti