Slovakiya Azərbaycan çatdı
Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ötən gecə baş tutan ilk oyunları Azərbaycanın UEFA reytinqində geriləməsinə səbəb olub.
Sportal.az xəbər verir ki, ölkəmiz bu siyahıda bir pillə geriləyib. Qeyd edək ki, ötən gün Azərbaycanın avrokuboklardakı təmsilçilərindən biri növbəti oyununu keçirdi. Belə ki, Avroliqada mübarizə aparan ölkə kubokunun sahibi "Neftçi" doğma meydanda Gürcüstan "Çixura"sı ilə sülh bağladı - 0:0. Paytaxt klubunun bu qələbəsi ölkəmizin xal ehtiyatını cüzi də olsa, zənginləşdirdi. "Ağ-qaralar" Azərbaycanın reytinqinə əlavə 0.125 xal yazdırmış oldu. Amma bu, iki təmsilçisinin qazandığı xallar sayəsində Slovakiyanın ölkəmizi qabaqlamasına mane olmadı. Baxmayaraq ki, hazırda həm Azərbaycanın, həm də Slovakiyanın reytinqdəki xalları eynidi.
Hazırda UEFA reytinqində 53 ölkə arasında 31-cu pillədəyik. Azərbaycanın hesabında 10.750 reytinq xalı var ki, onun da 1.875 xalı cari mövsümdə qazanılıb. Bunun 0.750 xalı "İnter", 0.750 xalı "Qarabağ"ın, qalan 0.375 xalı isə "Neftçi"nin sayəsində əldə olunub.
Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə sadəcə, 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.
saytlarin hazirlanmasi