Futbolda taleyi gətirməyən Tale Heydərov

13:05 - 11 Avqust 2014

Müəmmalı "Qəbələ"  

 

Azərbaycanda bir neçə klub var ki, onların nə vaxtsa düzələcəyinə ümid azdır, hətta bu, günbəgün mümkünsüz görünməyə başlayır. Bu klubların arasında ən müəmmalısı isə “Qəbələ”dir. Bir tərəfdən baxanda bu klubda böyük işlər görülür, digər tərəfdən baxanda isə ortada heç bir iş görünmür!

 

Artıq neçə ildir ki, kifayət qədər ciddi büdcə ilə qurulan “Qəbələ” nəhayət ötən mövsüm ölüm-zülümlə Avroliqaya vəsiqə qazandı. Lakin əziyyətin bəhrəsini görmək əvəzinə,  laqeyd hazırlığın əziyyətini çəkmiş oldular.

 

Syominin gedişindən sonra Avroliqaya hazırlaşmaq baxımından hər gün qızıla bərabər idi. Amma nədənsə yeni baş məşqçi axtarışları çox ləng getdi. Daha sonra Petevlə bağlı məlum biabırçı hadisə yaşandı və sonda baş məşqçi postuna rumin gətirildi - Muntyanu!

 

Hazırlıq dönəmini rahatlıqla boşa verən klubun aqibəti özünü dərhal göstərdi. Avroliqanın 1-ci təsnifat mərhələsində “Qəbələ” iki oyunun nəticəsinə görə “Şiroki Briyeq”ə 0:5 hesabı ilə uduzdu. Elə Premyer Liqanın ilk oyunu da birabırçı məğlubiyyətlə sonuclandı. “İnter” “Qəbələ”yə 8-ni vurmalı idi, yalnız 4-ü girdi qapıya.   

 

Son aylar ərzində yaşananları sinxron ardıcıllıqla yazdım ki, klubun prezidenti Tale Heydərov üçün mənzərə daha aydın olsun. Eşitdiyimə görə, Tale bəy “Barselona” azarkeşidir və Azərbaycanda sevimli klubuna bənzər tipli birisini yaratmaq istəyib. Təəssüf...  

 

Tale Heydərov Azərbaycan adına fəxr ediləsi insandır. Savadı, davranışı, diaspora sahəsində gördüyü işlər az qala hamı tərəfindən alqışlanır. Ancaq futbol ruslar demişkən, onun “stixiyası” deyil!

 

Əgər haradasa iş getmirsə, mütləq ki, bunun bir səbəbi (və ya səbəbkarı) var. Əgər klub rəhbəri artıq neçə ildir ki, bu səbəbi tapa bilmirsə, demək səbəbkar özüdür!

 

Müasir futbol elmdi, səhiyyədi, psixologiyadı. Ancaq hər bir işdə olduğu kimi burada da ən əsası seçimdi. Artıq çoxdan furtbolda “güclü məşqçi” axtarışını “düzgün seçim” prinsipi əvəzləyib. Fikir verin, Simeone “Atletiko”nu çempionluğa daşıdı, Brendan Rodcers “Liverpul”la çempionluğun bir addımlığına gəldi, Klopp “Borussiya”nı yenidən “həyata qaytardı”. Bu o demək deyil ki, bu məşqçilər başqa kluba getsələr, mütləq orada da uğurlu olacaqlar. Bəlkə hə, bəlkə də yox. Ancaq bu gün bu adamlar işlədiyi klublar üçün ən doğru seçimlərdir.

 

“Qəbələ” isə az qala həmişə seçimdə yanılır. Böyük məbləğə aldığı futbolçuların böyük əksəriyyəti kluba xeyir vermir, tez-tez dəyişən məşqçilər ortalığa heç bir iş qoymur, Akademiyada o qədər iş görülsə də, bir nəfər də yaxşı futbolçu yetişmir.

 

Tale Heydərovun ən böyük özəlliyi digərlərindən fərqli klubun bünövrəsini yaratmaq üçün gördüyü işlərdir. İnrfastruktur, Akademiya. Bəs nəticə?  Nəticə olmasa, görülən işlər nəyə gərək idi?

 

Emin ABBASOV

Xəbər xətti