Böyükağa Hacıyev: "Bir həftə sonra meydana fərqli bir "Neftçi" çıxacaq"

08:36 - 22 Avqust 2014

"Həmin gün hər şeyə aydınlıq gələcək"
 
"Hər şeydən əvvəl sizləri təbrik edirəm. Amma bu cütün qalibi avqustun 28-də bilinəcək".
 
Sportal.az sportnet.az-a istinadən xəbər verir ki, bunu Serbiya "Partizan"ı ilə Avropa Liqasının ilk "pley-off" matçından sonra keçirilmiş mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

Hacıyev cavab görüşündə məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlarını bildirib: "Bu gün 2:0 hesabı ilə irəlidə olmağımıza baxmayaraq, uduzduq. Futboldur. Ötən gün mətbuat konfransında demişdim ki, maraqlı oyunun şahidi olacaqsınız. 1 oyunda 5 qol matçın necə gərgin keçməsindən xəbər verir. Bir sıra oyunçularımızın olmaması müdafiədə boşluqlar yaratmışdı. Bir həftə sonra Bakıda meydana fərqli bir "Neftçi" çıxacaq. Səfərdə vurulan 2 qol bizim xeyrimizə işləyəcək. "Partizan" vəziyyətdən çıxış yolunu hökmən irəli atılmaqda görəcək. Biz də çalışacağıq ki, bundan maksimum yararlanaq".

Baş məşqçi qapıçı Saşa Stamenkoviçin aşağı səviyyədə çıxış etdiyini də vurğulayıb. Onun fikrincə, serbiyalı qolkiper qapıda özünü arxayın hiss etməyib: "Ola bilsin, stadiondakı aura ona bir az mənfi təsir göstərdi. Ona görə avqustun 28-ini gözləyək. Həmin gün hər şeyə aydınlıq gələcək".

Qeyd edək ki, "Partizan" - "Neftçi" matçı meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2. 

Xəbər xətti