Qrup mərhələsinin astanasında
Bu günə qədər heç bir təmsilçimiz avrokuboklarda azarkeşlərimizə belə həyəcan yaşatmamışdı.
Söhbət yalnız Belqraddakı matçdan getmir. Pley-off mərhələsinə qədər gəldiyi yola baxanda əminliklə demək olar ki, Avroliqanın təsnifat mərhələsində ən şən komanda məhz “Neftçi”dir.
Bu “Neftçi” bəlkə də tarixinin ən nəşəli futbolunu nümayiş etdirir. Türklər demişkən, “dəngəsi bəlli deyil”.
Kim deyə bilərdi ki, “Neftçi” səfərdə 17-ci dəqiqəyə “Partizan”ı 2:0 hesabı ilə üstələyəcək? Özü də hər iki qolu mərkəz müdafiəçisi Denis Silvanın vuracağını çətin kimsə ehtimal edərdi.
Sadəcə, Denisin hiperaktivliyi sonradan əleyhimizə işlədi. Braziliyalı müdafiəçi bu dəfə topu öz qapımıza göndərdi. Daha bir avtoqol da Elvin Yunuszadədən gəldi. İşə bax, 4 qol vurasan və 2:3 hesabı ilə məğlub olasan. Biz Belqradı şoka saldıq, müdafiəçilərimiz də bizi!
İki top üstünlüyünü qoruya bilməməyimiz azarkeşləri üzür. Ancaq əslində “Neftçi” səfərdən heç də pis nəticə ilə qayıtmır. Səfərdə iki qol vurmağımız xeyrimizə olan məqamdır.
Həm “Koper”, həm də “Çixura” ilə ilk oyunlardan sonra növbəti mərhələ şanslarımız sual altına düşmüşdü. Bu dəfə də belədir. Amma “Neftçi” qrup mərhələsinin qapısını açıb. İndi qalır həmin qapıdan içəri daxil olmaq. Bu şansı qaçırmaq olmaz!
Emin ABBASOV
saytlarin hazirlanmasi