Son 20 dəqiqəni 7 yerli futbolçu ilə oynadıq
Avroliqanın qrup mərhələsində iki Azərbaycan klubu. Bir neçə il əvvəl bunu heç xəyal da etmirdik. Düzdü, hələ heç nə məlum deyil – hər ikisi, heç biri və ya yalnız biri qrupda ola bilər!
“Neftçi”nin Belqraddakı matçı haqda fikirlərimi dünən yazmışdım. Indi isə “Qarabağ”ın oyunu barədə.
Zaman keçir, zaman keçdikcə isə imkanlar da dəyişir. Kimisi irəli, kimisi geriyə addımlayır. Futbol da belədir - futbol durğunluğu xoşlamır, daha doğrusu bağışlamır. Hər gün irəli getmək gərəkir. Az da olsa, kiçik addımlar hesabına belə, tutduğun yoldan geri çəkilməməlisən. “Qarabağ”ın ən böyük özəlliyi budur. Qurban Qurbanovlu “Qarabağ”ın “Rusenborq”la 5 il əvvəlki oyunları ilə indiki çıxışlarını müqayisə edəndə, bu komandanın nə qədər uzağa getdiyi açıq-aşkar görünür. O zaman əzmkarlıq ön plana çıxırdısa, indi “Qarabağ” ustalıq hesabına rəqiblərini təəccübləndirir. Qurban Qurbanov öz oyun fəlsəfəsindən geri çəkilmir, onu ilbəil təkmilləşdirir. Hər bir mütəxəssis üçün vacib olan məqamlardandır bu.
“Tvente” də 5 il əvvəlki deyil. Heyət zəifləyib, iddialar azalıb. Bakıdakı matçın ilk dəqiqələrindən də hiss olunurdu ki, “Tvente” “Qarabağ”dan ehtiyat eləyir. Elə rəqibin müdafiəyə çox qapanması “Qarabağ”ın işini xeyli çətinləşdirirdi və komandamız qol epizodları yarada bilmirdi. Lakin ilk hissənin ortalarında Qurban Qurbanovun anında etdiyi əvəzetmə oyunun gedişinə təsir etdi. Leroyun əvəzinə meydana daxil olan Vüqar Nadirov hərəkətliliyi hesabına iki dəfə zərbə mövqeyinə çıxdı. Əvvəlcə əlverişli mövqedən qeyri-dəqiq zərbə vurdu. Az sonra isə Vüqar təkbətəki qola çevirə bilmədi.
Qurbanov ikinci hissədə də gedişləri ilə hollandiyalı həmkarını təəccübləndirməkdə davam etdi. Heç kimin gözləmədiyi halda gənc Cavid Tağıyevi döyüşə atdı. Yeri gəlmişkən, Cavid inamlı oyunu ilə seçildi. Topla sərbəst davranışı, rəqibdən çəkinməyərək nümayiş etdirdiyi “performans” hesabına oyuna rəng qatdı. Qurbanovun növbəti əvəzetməsi isə şahmat dilində desək, “rokirovka” idi. Meydana daxil olan Namiq Ələsgərov sağ cinaha, Vüqar Nadirov sağ cinahdan hücumun sivri ucuna, həmin mövqedə olan Reynaldo isə pleymeyker mövqeyinə keçdi. Bu dəyişikliklərdən sonra oyun bir qədər də canlandı. 19 yaşlı Namiq də bacarığını ortaya qoydu. Sürəti, fiziki gücü ilə seçilən Ələsgərov bir neçə epizodda diqqət mərkəzinə düşdü. Yeri gəlmişkən, “Qarabağ” son 20 dəqiqədə “Tvente”yə qarşı 7 yerli futbolçu ilə oynadı. Təəssüf ki, qol vura bilmədik.
Hollandiyada çətin olacaq. Çünki “Tvente” düşündüyümüz qədər zəif rəqib deyil. Nə qədər iddiasından geri çəkilsə də, bu komanda Hollandiya üçüncüsüdür. Amma illərdir qrup mərhələsinə düşə bilməyən “Qarabağ” üçün bu yaxşı şansdır. Çünki əvvəlki illərdə pley-off-da olan rəqiblərdən ən münasibi məhz indiki “Tvente”dir.
Emin ABBASOV
saytlarin hazirlanmasi