Günün həştəqi: #futbol #rovneqabdullayev #affa #islahatlar

12:05 - 28 Avqust 2014

Dəyişməsək, inkişaf etməyəcəyik!

 

Türkiyə Futbol Federasiyasında islahatlara başlayıblar. Qurumun başqanı Yıldırım Dəmirörən məsul vəzifələrdə işləyənlərin çoxunu istefaya göndərib.

 

Məntiq aydındı: Durğunluq varsa, islahatlar qaçılmazdı!

 

Ancaq bu məntiq, reallıq ki var, bunlar bizlik deyil. Bizim futbol başqanımızın öz məntiqi var. Devizi də çox sadədir: Hər şey yaxşı olacaq!

 

“Çırpın əlinizi masaya, hamıya yerini göstərin” demək keçir ürəyimdən Rövnəq Abdullayevə. İllərdir milyonları sağa-sola, istədikləri kimi xərcləyən və Rövnəq Abdullayevin özünün də etiraf etdiyi kimi (yazının sonunda təqdim etdiyim videoda var bu fikri) xərclənən pulların qarşılığını verə bilməyən qurumda islahatlar başlanmalıdır. Ancaq çətin... İllərdir eyni adamlar əyləşib orada, hələ illərlə də əyləşəcəklər.

 

Deyirlər o vaxtki AFFA prezidenti Fuad Musayev diktator olub. Sonra da deyirlər ki, hamı rahat şəkildə onun kabinetinə girib sözünü deyirdi. Bu necə diktatorluq oldu ki, istəyəndə qəbuluna düşürdüz? Ona diktator deyənlər Rövnəq Abdullayevin qəbuluna düşə bilərlər?

 

Deyilənə görə, ondan sonrakı başqan Ramiz Mirzəyev də zaman-zaman jurnalistlərlə ünsiyyətdə olur, fikirlərini dinləyirdi.

 

Allah hər ikisinə qəni-qəni rəhmət eləsin. Həm Fuad Musayevə, həm də Ramiz Mirzəyevə. Birinə diriliyində, birinə də o dünyada!

 

Rövnəq Abdullayevin nə qəbuluna düşmək olur, nə də qeyri-rəsmi söhbət edib futbolun problemlərini ona çatdırmaq olur. Nəsə deyəndə də, ətrafındakılar həmin adama düşmən damğası vururlar. Gəl, indi bunlara başa sal ki, biz dövlətə yox, futbola müxalifik!

 

Gəl, indi bunlara başa sal ki, dəyişməsək, inkişaf etməyəcəyik!

 

Emin ABBASOV

 

P.S. Rövnəq Addullayevdən bir xahişim də olacaq. Klublarımız Avroliqanın qrup mərhələsinə düşsə, bunu Fotqs, Elxan Məmmədov, Ramin Musayev və AFFA-da əyləşən digərlərinin adına çıxarmasın. Heç əlaqəsi yoxdur!

 

Xəbər xətti