"Qarabağ" qara bağı qırdı

12:45 - 29 Avqust 2014

Bu qələbə bizim haqqımızdı!

 

Çox, çox özlədik bu günü. Bunun bir məntiqi sonluğu olmalıydı axı. Nəhayət “Qarabağ” adını Avroliqanın qrup mərhələsinə yazdırdıq.

 

Qurban Qurbanov çox əziyyət çəkdi bu “Qarabağ”ı qurmaq üçün. İndi hanı o Elxan Məmmədov, hanı o Foqts, hanı onları himayə eləyən Rövnəq Abdullayev? Bu sizin uğurunuz deyil, ola da bilməz. Bu, bizlərin uğurudur, xalqın uğurudur. Siz hər dəfə Qurban bəyi gənc, savadsız, istedadsız çıxarmağa çalışdığınız, imkan düşən kimi “baltalamağa” hazır olduğunuz anlarda biz onun yanında olduq. “Xəzər TV” rəhbərliyinə “Emin Abbasov Qurban Qurbanova, “Qarabağ”a işləyir” mesajını göndərənlərin qarşısından çəkilmədik, tutduğumuz yoldan usanmadıq. Sizin kimi hər qələbədən sonra süni şəkildə Qurbanın üzünə gülüb, arxasınca isə ayağının altını qazmadıq. Bu qələbə bizlərə yaraşır, bəylər. Bu qələbə bizim haqqımızdı!

 

Sadəcə, “Qarabağ”ın oyun üslubuna baxmaq kifayətdir ki, anlayasan burada məşqçi işi hansı səviyyədədir. Ancaq o da var ki, gərək, futboldan başın çıxsın. İndi çıxıb pafosla deyəcəksiz ki, futbolumuz inkişaf eləyir. Niyə demirsiz ki, Qurban Qurbanov inkişaf eləyir, biz də özümüzü onun uğurlarına urcah eləyirik...

 

Rövnəq bəy, gün gələcək Qurban Qurbanovlu Azərbaycan millisi tarixinin ən yaxşı nəticəsini qazanacaq. Bunu bir yerə qeyd edin! Biz dediyimiz hər şey bir gün öz yerini tapır. Sadəcə, bizim dediyimizi anlamaq üçün AFFA-dakıların beyni 3-4 il geri qalır!

 

“Tvente” ilə dünənki oyuna gəlincə, Hollandiya üçüncüsü ilə başa-baş mübarizəni izləmək Azərbaycan adına bir qürur idi. Neçə illərdir ki, Qurban Qurbanov topa nəzarət üzərində qurulan oyun üslubunu komandaya aşılamaq üçün çox çalışır. Bakıdakı oyunda topa yiyələnmə faizinin 67-nin 33-ə “Qarabağ”ın xeyrinə olması artıq şərhə yer qoymur. Enshededə də topla rəftar eləmək bacarığımızı ortaya qoya bildik. Qurbanov start heyətində Diası yox, Muaremi meydana buraxmaqla matça öz damğasını vurdu. Tarixi qola məhz Muarem imza atdı. Qurbanov eyni zamanda etdiyi dəyişikliklərlə də həmkarını üstələdi. Çümbinyonun əvəzinə daxil olan Namiq Yusifovun hesabına orta sahədə daha yaxşı qapanmağa başladıq. Admir Teli girincə isə müdafiəni daha etibarlı şəkildə qurduq. Son dəqiqələri istədiyimiz kimi keçirdik. 

 

“Qarabağ”ın qrup mərhələsində olması hər anlamda ölkəmiz üçün vacib məqamdır. “Qarabağ” (AZƏRBAYCAN) adı Avropa futbol camiəsinin təfəkkürünə həkk olunmalıdır. Nə qədər bacarsaq, bir o qədər də yaxşı şəkildə. Klub rəhbərliyi bundan sonra komandaya, Qurban Qurbanovun istəklərinə daha həssas yanaşmalıdır. Əlimizdən gələni etməliyik ki, “Qarabağ” bizim vizit kartımıza çevrilsin!

 

Emin ABBASOV

Xəbər xətti