Rüstəm kişi, Rövnəq Abdullayev və bir ölkənin mənasız millisi

12:35 - 10 Sentyabr 2014

Elxan Məmmədov, siz üçüncülük nağılını davam eləyin!

 

Bir ölkənin bundan da bərbad millisi ola bilərmi? Bunlara çox ad vermək olar: milli xəcalət, milli rəzalət, bir tək milli komanda adını yaraşdırmaq olmur bu topluma. Həvəskar futbolçulardan ibarət bir neçə ölkənin yığmasını nəzərə almasaq, Avropanın ən mənasız millisi bizdədi.

 

Utanmaz-utanmaz qrup üçüncülüyündən danışırdı Elxan Məmmədov. Evdə Bolqarıstandan xal ala bilməyəndən sonra İtaliya və Xorvatiya səfərindən nə gözləyəsən?

 

“Böyük dayaq” filmində Rüstəm kişinin ətrafındakı üç-dörd yaltaq birləşib onu xalqdan necə uzaqlaşdırmışdısa, elə bil Rövnəq Abdullayevi də eynən futbol ictimaiyyətindən o şəkildə təcrid ediblər. Adam yanındakı üç-dörd nəfərdən başqa heç kimə qulaq asmaq istəmir, heç kimi yaxınına buraxmır.

 

Rövnəq bəy, bu vəzifə əbədi deyil axı, bunu siz də bilirsiz. Elə et ki, gedəndən sonra rəhmət oxuyanın olsun. Söhbət yalnız Berti Foqtsdan getmir, ətrafınızdakı savadsızlar, eqoistlər, səviyyəsiz əcnəbilərə qibtə eləyənlərlə sonunuz Rüstəm kişidən fərqli olmayacaq. Rüstəm kişi yenə sonda səhvini anladı. Siz isə... 6 ildir AFFA prezidentisiz, pul xərcləməkdən başqa nümunə gətiriləcək bir iş qoya bilməmisiz ortaya.

 

Əllərində də yaxşı səbəb var axı: Futbolçular oynaya bilmir, Foqts neyləsin? Neyləsin, getsin futbolçusu olan millidə işləsin. Ki, Nigeriya, Şotlandiya kimi futbol ölkələrindən onu elə qovmayıblar ki, bir də normal ölkədə ona iş tapılsın! 

 

Əslində isə Azərbaycan millisi yenə az-çox futbolçuların öz düşüncəsi hesabına nəsə eləyir hərdənbir. Bu yazıqlar daha nə qədər 25-30 metrdən qol vursunlar, Kamran yazıq nə qədər boş qapıdan top çıxartsın? Bəs məşqçi işi hanı? Adam heyəti düzgün qura bilmirsə, eyni anda 7-8 müdafiəçi meydana buraxırsa və bununla belə müdafiəni düzgün qura bilmirsə, bunun günahı kimdədi? 

 

Iddia eləyirəm ki, millimizin başında savadlı mütəxəssis olsaydı, evdə Bolqarıstanı məğlub etmək olardı. Sadəcə, ixtiyarında olan futbolçulardan daha yaxşı komanda formalaşdırmaq mümkün idi ki, Foqts bu 6 ildə bunu bacarmadı. Yadıma Lənkəranda 1:2 hesabı ilə Finlandiyaya məğlub olduğumuz oyun düşdü. Hanı o oyunda oynayan Elnur Allahverdiyev, Rəşad Sadiqov, Elvin Məmmədov, Əfran İsmayılov və başqaları. Foqtsun Allahı varsa, gedib Qurban Qurbanovdan hallallıq alar gedəndə. Necə də olmasa Qurbanovun hazırladığı futbolçuların hesabına 5-6 il başını girələdi buralarda.

 

Emin ABBASOV

 

P.S. Elxan Məmmədov, siz üçüncülük nağılını davam eləyin. Nə qədər imkan var, çox saxlamaq lazımdır Foqtsu o postda. 

Xəbər xətti