Bu gedişlə hələ uzun illər olmayacaq da
Bu futbolumuzun nə vaxtsa düzələcəyinə olan ümidlərimiz günbəgün azalır. Necə düzəlsin axı? Heç kim öz yerində deyil! Görmüşük ki, hər ölkənin üzə çıxarılası 3-5 veteranı, futbol adamı olur. Hamı da onların dediyinə qulaq asır, sözünə hörmət qoyur. Bizdə isə...
Hara gedirdiksə, Ələkbər Məmmədovu soxurduq əcnəbilərin gözünə. “Milan”a qol vurub, əfsanəmiz olub, nə bilim neyləyib. Onlar da elə bilirdilər ki, kişi Azərbaycan futbolunda söz sahibidir. Allah ona rəhmət eləsin, yeri behişt olsun. Deyirlər, ölənin dalınca danışmazlar. Amma danışmalıyam ki, başqa veteranlarımız Məmmədov nümunəsindən nəticə çıxarsın.
Nə qədər acı səslənsə də, bu ölkədə futbol veteranı hərləyən yoxdur. AFFA bəzilərinə maaş verir, deyir get otur bir qıraqda, səsin də çıxmasın. İK-da yer alan (guyaki) sanballı veteranlarımıza gəlincə, daşdan səs çıxır, onlardan çıxmır. Rövnəq Abdullayev nə deyirsə, onlar üçün qanun hesab olunur. Biri çönüb ona deyə bilmir ki, Rövnəq müəllim, icazə verin, futbol barədə qərarlarda biz də öz fikirlərimizi ortaya qoyaq. Bunu deməyə bir az cəsarət lazımdır. Ya da ki, gərək həmin andan o dünyanı göz önünə alasan. Ki, Ələkbər Məmmədov artıq burda ikən o dünyanın sakini sayılırdı. Adamın bir ayağı burda, bir ayağı orda olsa da, yenə də ağzını açıb danışmaqdan qorxurdu. Kazbek Tuayev ondan betər.
Yenə az-çox İsgəndər Cavadov ildə bir dəfə də olsa, bozarır bunların üzünə. Amma bu da yetərli deyil. Gərək, hamısı birləşsin. Lazım olsa, ölkə başçısına müraiət etsinlər. Anlamalıdılar ki, birləşməsələr, hörmət tələb etməsələr, heç kim onlara hörmət qoymayacaq bu ölkədə.
Amma kim aparsın veteranları arxasınca? Ağasəlim Mircavadovun nə marağındadır veteranların durumu? Fikirləşir, qoy bir iş tapım, bu uğursuzlar yığınağına heç salam da vermərəm. Rüstəm Rəhimov deyir, sakit başım, dinc başım. Oqtay Abdullayev sanki veteranları ətrafına toplamağa çalışır. Ancaq deyəsən, o da bacarmır. Belə baxanda Abdullayevin vəzifəsi, işi-gücü var. Bu cəncəlli söhbətə baş qoşmaq ona hamıdan az lazımdır.
Nə deyim, Allah köməyiniz olsun! Ağsaqqalları yoxdur bizim futbolumuzun. Bu gedişlə hələ uzun illər olmayacaq da.
Emin ABBASOV
saytlarin hazirlanmasi