Heyətin yarısı legionerlər idi
Qoca yaşlarında Azərbaycanın timsalında qızıl pul kisəsi tapan Berti Foqts yenə günahı onun-bunun üstünə atmağa çalışır. Hərçənd bolqarlarla oyun göstərdi ki, savadlı mütəxəssis olsaydı, 3 xalı əldən buraxmazdı.
Hər şeyin yaxşısını özündən, pisini isə futbolçulardan bilən Foqts dar ayaqda yenə bəhanə tapıb: “Dəfələrlə bildirmişəm ki, beynəlxalq səviyyəli futbolla ayaqlaşa bilmək üçün klublarda da fiziki hazırlığın yüksəldiləməsi istiqamətində daha artıq iş görülməlidir”.
Adama deyərlər, səviyyən olsun! Yenə səndə günah yoxdur? Foqts burada çox qalmaq üçün ağzına gələni danışacaq, bu, aydındır. Bəs, açıqlamanı sayta qoymamışdan əvvəl AFFA-da qocanın dediklərinə fakir verən yoxdur?
Qapıçını saymasaq, meydanda 10 futbolçu olub ki, onlardan 5-i xarici çempionatlarda çıxış edir. Mahir Şükürov, Vaqif Cavadov və Ufuk Budaq Türkiyənin, Dmitri Nazarov və Rüfət Dadaşov isə Almaniyanın aşağı liqalarında çıxış edir. Yəni, bu futbolçuların hazırlığının hansı səviyyədə olmasının məsuliyyəti Türkiyə və Almaniya futbolunun vicdanına. Qaldı 5 nəfər. Biri “Xəzər Lənkəran”lı Rauf Əliyev idi ki, 90 dəqiqə meydanda dayanmadan işlədi. “Qəbələ”li Ruslan Abışov isə 74-cü dəqiqədə əvəzlənib və həmin ana qədər meydanda yeriməyib. Və nəhayət əsas məsələ: “Qarabağ”ın 3 futbolçusu – Rəşad Sadıqov, Qara Qarayev və Bədavi Hüseynov (sonradan daxil olan daha 2 “Qarabağ”lını saymıram. Tərlan Quliyev 15, Vüqar Nadirov isə cəmi 2-3 dəqiqə oynayıb). Qara Qarayevi hazırlıqsızlıqda ittiham etmək doğru olmazdı. Çünki oyunboyu orta sahədə dayanmadan çalışanlardan biri Nazarov idisə, digəri də Qara idi. Nəhayət gəlib əsas məqama çatdıq – Rəşad və Bədavi. Buraxılıan ilk qolda müdafiə xəttinin ciddi mövqe səhvi var idi. Ancaq oyunun əvvəlində buraxılan bu qol fiziki hazırlığın yox, taktiki hazırlıqsızlığın fəsadı idi. Unutmaq lazım deyil ki, “Tvente” ilə tarixi oyunlarda müdafiə bu iki adama həvalə olunmuşdu. Fərq ondadır ki, həmin oyunlarda bu futbolçular rəqibi düzgün təhlil etməyi bacaran Qurban Qurbanovun göstərişlərini yerinə yetirirdi, taktiki savadı 20 il əvvəl tükənmiş Foqtsun yox!
Bu adam yenə bəhanə axtarır. Bilməyənlər üçün deyim ki, (elə Foqts üçün də) fiziki hazırlıq 3-5 günə yığıla biləcək güc deyil. Bütün dünyada bu gücü toplamaq üçün ildə iki dəfə toplanışlar olur – qış və yay! Həftəlik məşqlər isə ( oyuna hazırlıq həftəsi) həmin gücün qorunmasına xidmət eləyir. Elə bir şey mümkün deyil ki, eyni futbolçular ilboyu klubda oynamağa güc tapsın, milllidə isə yox! Bu güc ya var, ya da yoxdur. Biri bunu Foqtsa başa salsın.
Emin ABBASOV
saytlarin hazirlanmasi