Ağasəlim Mircavadov və Şahin Diniyev bunu çıxış yolu görmür
Rusiya millisinin son DÇ-də uğursuz çıxışı RFF-ni millinin inkişafı üçün yeni yollar axtarmağa məcbur eləyib. Qarşıda Rusiyanı DÇ-2018 gözləyir və ruslar evdə layiqli nəticə qazanmaq istəyirlər. Səslənən variantlar arasında milli üçün baza klub ideyası var. Maraqlıdır, analoji ideyanı ölkəmizdə tətbiq etmək olarmı?
Sportal.az bu sualla ölkənin tanınmış mütəxəssislərinə müraciət edib:
Ağasəlim Mircavadov: Belə bir təcrübə “Skonto”da olub. O vaxt həm millini, həm də “Skonto”nu Starkov çalışdırırdı. Amma bir məsələ var ki, o vaxt “Skonto” maliyyə imkanlarına görə digər Latviya klublarından açıq-aşkar üstün idi. Ona görə də, belə bir layihəni həyata keçirmək mümkün idi. Bax, indi eyni məsələ Rusiyada müzakirə olunur. Məsələ qaldırıblar ki, DÇ-2018-də layiqli çıxış etmək üçün millinin baza klubunu yaradıb Premyer-Liqaya buraxmaq lazımdır. Amma klublar buna etiraz eləyirlər. Heç inanmıram ki, futbolçular da razılaşsın. Təsəvvür eləyin, kim “Zenit”dəki pulu, şəraiti qoyub gələr? O vaxt Fuad Musayev belə bir klub yaratmaq istəyirdi. Fuad müəllim baza klub kimi “Neftçi”ni görürdü. Amma o vaxtlar “Kəpəz” və “Turan” kimi klublar daha iddialı çıxış edirdilər. Hələ o vaxt bu klublar dedi ki, niyə oyunçularımızı verməliyik? Çətin ki, indi də klublarımız buna razılaşsın. Ona görə bu baza klub real görünmür. Millinin səviyyəsini artırmaq üçün struktur olmaldır, bütün millililər: U-17, U-19, U-21 və əsas milli eyni sistemlə oynamalıdır.
Şahin Diniyev: Bu bir qədər çətin məsələdir. Tutaq ki, bütün milli üzvlərini topladıq bir kluba. Bəs, digər klublar səviyyəli yerli futbolçu necə tapacaqlar? Milli komandanın səviyyəsini artırmaq üçün baza klub çıxış yolu deyil. Azərbaycanda futbolun inkişaf etməsi üçün bir srategiya müəyyənləşməlidir. Bunun üçün üç suala cavab vermək lazımdır: Nə istəyirik, kiminlə istəyirik və nə vaxt istəyirik?
Şahin OĞUZ
saytlarin hazirlanmasi