"Qarabağ"ın 16 yaşlı istedadı və autsayderlikdən liderliyə gedən yol

14:15 - 13 Sentyabr 2014

Qurban Qurbanovun nəzarətində olan əvəzedici heyət

 

21 illik fasilədən sonra “Qarabağ”ın çempion olması Ağdam klubunun azarkeləri üçün möhtəşəm bir duyğu idi. İstər rəhbərlik, istər baş məşqçi Qurban Qurbanov, istərsə də futbolçular bu anı çox gözləmişdilər.

 

Lakin bütün diqqətlərin bu uğura yönəldiyi anda heç kim fikir vermədi ki, çempion klubun əvəzedici komandası çempionatı 6-cı yerdə bitirdi. Yox, bu o demək deyil ki, çempion komandanın əvəzediciləri də mütləq çempion olmalı idi. Ancaq çempionluğa oynayan komandanın əvəzediciləri son illər mütəmadi olaraq autsayderlər sırasında yer alırsa, bu uyğunsuzluq klub strategiyasının natamam olmasına bir işarədir.

 

Kənardan da görünür ki, “Qarabağ” klub idarəçiliyində İngiltərə sistemindən yararlanmağa çalışır. Necə ki, İngiltərə klublarında baş məşqçilər menecer kimi fəaliyyət göstərirlərsə, “Qarabağ” da Qurban Qurbanovun potensialından daha geniş istifadə etməyə çalışır. Bir çox məsələrdə fikirlərini bildirən Qurbanov təzadlı durumu aradan qaldırmaq üçün ötən mövsümün gedişində əvəzedici heyətə nəzarəti birbaşa öz üzərinə götürdü. Qurbanov ilk növbədə makedoniyalı mütəxəssis Borçe Xristovu əvəzedici heyətin baş məşqçisi postuna gətirdi. Tapşırıq isə belə oldu: “Əvəzedici heyət əsas komandanın sistemi ilə oynamalıdır”.

 

Bir müddət vəziyyəti təhlil edən Xristov qərara gəldi ki, heyətdə yaş həddini kiçiltmək lazımdır. Bu uşaqlara “Qarabağ”ın oyun fəlsəfəsi aşılandı və komanda yay hazırlıq dönəmi keçdikdən sonra yeni mövsümə başladı.

 

Uğurlu başlanğıc oldu. “Qarabağ” əvvəlcə “Sumqayıt”ı 3:1, sonra “İnter”i 2:1, ardınca isə “Bakı”nı 3:1 hesabı ilə məğlub etdi. Bu uğurlu qrafik diqqətimi cəlb elədi və ötən gün “Qarabağ”ın AZAL-a qarşı səfər oyununu izləməyə yollandım.

 

“Qarabağ”ın start heyətinə nəzər saldım: 19 yaşında 2 nəfər, 18 yaşında 3 nəfər, 17 yaşında 5 nəfər və 1 nəfər 16 yaşında!

 

AZAL və “Qarabağ” futbolçuları arasında yaş fərqi özünü qabarıq şəkildə göstərsə də, Borçe Xristovun yetirmələri bu oyunda da inamlı qələbə qazandı: 3:1.

 

Əvəzedicilər də əsas komanda kimi oynayırdı: Eyni düzülüş, topa nəzarət, müdafiədən hücuma dəqiq ötürmələrlə çıxmaq cəhdi. Heyətdə gənclərin çox olması bəzən öz sözünü deyirdi, onların təcrübəsizliyi sezilirdi. Ancaq adi gözlə də söyləmək olar ki, Qurban Qurbanovun görmək istədiyi oyun üslubu artıq əvəzedici komandada formalaşıb.

 

16 yaşlı Ruslan Hacıyevin start heyətində meydana çıxması da maraqlı görüntü idi. Sol cinah yarımmüdafiəçisi sürəti, texnikası ilə diqqət çəkirdi. 16 yaşlı istedad ikinci hissədə vurduğu mükəmməl qolla bu matça öz damğasını vurdu. Və 4 oyundan sonra artıq  Ruslan Hacıyevin aktivində 3 qol var.

 

“Qarabağ”ın əvəzedici heyəti son dəfə Əfran İsmayılovun dönəmində çempionluq sevinci yaşayıb. Müəyyən faislədən sonra yenə bu uğura imza atmaq mümkündür. Ancaq əvəvzedici heyətin məqsədi çempionluq yox, əsas heyətə oyunçu verməkdir. İşlər düzgün davam etdirilsə, şərait daha da yaxşılaşdırılsa, bir neçə ildən sonra Qurban Qurbanov yeni-yeni istedadları ixtiyarında görə bilər.

 

Emin ABBASOV

Xəbər xətti