Azərbaycan kubokunun 1/8 final mərhələsində “Şahdağ”la oyunda “Kəpəz”in heyətində əvəzedicilərdən çağırılan üç futbolçu oynamaq şansı əldə etdi.
Sportal.az xəbər verir ki, əvəzedici komandanın kapitanı Qaraxan Əliyevlə hücumçu Fərid Məmmədov ilk yarıda, yarımmüdafiəçi Əli Səmədov isə fasilədən sonra meydana çıxdı. Premyer Liqa matçında oynayan Səmədovdan fərqli, Əliyevlə Məmmədov “sarı-göylər”in heyətində debüt etdi.
Klubun rəsmi saytı komandanın kubokda mərhələ adlamasında rolu olan gənc oyunçulardan açıqlama alıb.
Qaraxan Əliyev: “Meydana daxil olanda həyacan vardı, məncə, bu da təbiidir. Vaxt irəlilədikcə oyuna uyğunlaşdım. Təcrübəlilərin yanında oynadım, bu şansı yaratdığına görə baş məşqçi Şahin Diniyevə minnətdaram. Əvəzedici heyətdə çıxış edən futbolçuların hamısı əsas komandadan dəvət gözləyir. Çalışacağam ki, daha tez-tez çağırılım. Məşqçilərimiz gənclərin oynamasına imkan verir və bu, bizim ürəyimizcədir. Odur ki, yenə əsas komandaya dəvət alacağıma ümid edirəm. Oyuna gəlincə, rəqib aqressiv komanda idi, hesab sizi aldatmasın, deməzdim ki, lap asanlıqla qələbə qazandıq. Növbəti mərhələyə vəsiqə əldə etdiyimiz üçün sevincliyik”.
Əli Səmədov: “Premyer Liqa oyunlarında meydana çıxsam da, kubok matçında ilk dəfə oynayırdım. Rəqibə hörmətlə yanaşıram, amma “Şahdağ” elita klublarından bir qədər zəifdir. Ona görə də çox da çətinlik çəkmədik. Yaxşı, mübarizəli oyun oldu. Bəlkə də daha çox qol vura bilərdik. İmkanlarımız oldu, alınmadı. 5:1 hesabı da yaxşı nəticədir. Qol da vura bilərdim, hücuma qoşulmuşdum, amma zərbəm dəqiq olmadı. “Kəpəz”də debüt etmişəm, qalır qol vurmaq. Yəqin ki, tezliklə bu arzuya da çataram. Oyundan-oyuna daha yaxşı çıxış etməyə səy göstərirəm”.
Fərid Məmmədov: “Biz gənclər həmişə öz şansımızı gözləyirik. Ümid edirdim ki, kubok matçında oynaya biləcəyəm. Meydana çıxandan sonra mənə yaradılan imkandan yararlanmağa, özümü göstərməyə çalışdım. Necə alındığını bilmirəm. Epizodların birində qol vurmaq üçün fürsət əldə etdim. Topa başla toxuna bilərdim, amma akrobatik tullanışla zərbə endirməyi seçdim. Qolun daha baxımlı olmasını istədim, son nəticədə topa bir az geçikdim. Qol olmasa belə azarkeşlər əməyimi qiymətləndirib məni alqışladılar. Adımın çəkilməsi məni ruhlandırdı. Fanatların dəstəyinə ehtiyacımız var, onlara təşəkkür edirəm”.