Hüseyn Seyliğli: "Bəlkə də baş məşqçi heyətdə dəyişikliklər etməli idi" - MÜSAHİBƏ

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AÇ-2021-in seçmə mərhələsinin üçüncü oyununda evdə Gürcüstana 0:3 hesabı ilə uduzub.
 
Oyundan sonra Azərbaycan millisinin üzvü Hüseyn Seyliğli Sportal.az-a müsahibə verib:
 
- Millinin Slovakiyaya qalib gəlməsindən sonra Gürcüstanla matçda da üç xal qazanacağı gözlənilirdi. Nə üçün oyununuz alınmadı? Problem nədir?
- Oyuna yaxşı başladı. İlk hissənin son saniyələrində çox pis qol buraxdıq. Bu da əhvalımızı korladı. Buna baxmayaraq, ikinci hissəyə həvəslə başladıq. Qırmızı vərəqədən sonra edəcəyimiz bir şey qalmadı. Yenə davam etməyə çalışsaq da, bacarmadıq. Bəxtsiz oyun keçdi.
 
- Hiss olundu ki, qırmızı vərəqə komandanın oyununa ciddi təsir elədi. 10 nəfərlə qalanda oynamaq üçün fərqli planınız olmadı?
- Ancaq biz çox yorulmuşuq. Slovakiya ilə dörd gün əvvəl oynadıq. 90+2-ci dəqiqədə qələbə qolunu vurmuşduq. Bizim üçün həddindən artıq ağır keçmişdi. Bu matçı isə 10 nəfərlə tamamladıq. Çox çətin oldu. İkinci hissə ağır keçdi.
 
- Adətən seçmə mərhələ oyunlarında baş məşqçilər ardıcıl oyunları nəzərə alıb, heyətdə rotasiyalar edir. Amma milli bu gün Slovakiya ilə oyundakı heyətlə oynadı. Səncə, yığmada dəyişikliklər olsaydı, Gürcüstanla mübarizə aparmaq olardı?
- Ola bilərdi. Bəlkə də bunun olması lazım idi. Ancaq baş məşqçinin seçimi budur və deyəcəyimiz nəsə yoxdur.
 
- Slovakiyaya qalib gələndən sonra hamı deyirdi ki, millinin Lixtenşteyn məğlubiyyəti təsadüf idi. Gürcüstana məğlubiyyətdən sonra demək olar ki, Slovakiyaya qalib gəlmək təsadüf idi?
- Slovakiya üzərində qələbə təsadüf deyildi. Özünüz də gördünüz ki, bu gün 45 dəqiqə yaxşı mübarizə apardıq. İlk hissənin sonlarında bəxtsiz qol buraxdıq. O qolu buraxmasaydıq, bəlkə də ikinci hissəyə daha istəkli çıxacaqdıq. İkinci hissəyə çıxan kimi isə azlıqda qaldıq. Bizim üçün həddindən artıq çətin oldu. Matçı 10 nəfərlə tamamladıq.
 
- Gürcüstan Azərbaycandan çox güclüdür?
- Yaxşı komandadır. Hesab ən azı 1:0 bitməli idi. Qırmızı vərəqə işimizi xeyli çətinləşdirdi.
 
- Azərbaycan millisi qrupda nə edə bilər?
- İndi heç bir hədəf söyləyə bilmərəm. Bütün rəqiblərlə oynadıq. İndiyə qədər qarşılaşdığımız rəqiblər demək olar ki, bizimlə eyni səviyyədə idi. Gürcüstana 0:3 hesabı ilə uduzmağımıza baxmayın, komandada yorğunluq da var idi, üstəlik, ikinci hissəni azlıqda keçirdik. 
 
- Bu məğlubiyyət komandaya necə təsir edəcək?
- Artıq toplanış bitdi. Hər kəs öz klubuna gedəcək. Bundan sonra bir ayımız var. Bu, bizim üçün xeyirli olar.
Tarix: 10 Sentyabr [23:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Noyabr 2019
19  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio