Büdrəyən lider, dirilən “Neftçi”

00:00 - 22 Oktyabr 2019

Azərbaycan Premyer Liqasında II dövrə start götürdü.

 

8-ci turun ilk görüşü Qəbələdə baş tutdu. Yerli komanda ilə qarşılaşan lider “Qarabağ” ilk dəfə büdrədi.

 

“Qırmızı-qaralar”“Qarabağ” kimi komanda ilə oyunda çəkinmədən mübarizə apardı, layiqli bir xal qazandı. Akademiya yetirmələri və legioner futbolçulardan qurulmuş “Qəbələ” Elmar Baxşıyevin baş məşqçi təyin olunduğundan sonra fərqli stildə oynayır. Komanda ustalıq cəhətdən rəqiblərindən geri qala bilər, amma əzmkarlıqda bunu söyləyə bilmərik.

 

undefined

 

“Qəbələ” motivasiyalı, pressinqli, əks-hücumlarda daha effektli komanda təsiri bağışlayır. Baş məşqçi dəyişikliyinin zamanında edilməsi komandaya müsbət təsir edib.

 

Baxşıyevin yanına Azər Bağırovun da gəlməsi kollektivə xeyir verə bilər. Bir zamanlar “Neftçi”də birgə işləmiş mütəxəssislər bu dəfə “Qəbələ”ni irəli aparmağa çalışacaq.

 

“Qarabağ” isə ardıcıl 7 qələbədən sonra büdrədi. Çempionatda rəqabət görməyən ağdamlılar ilk dəfə rəqiblərindən belə oyun gördü. APOEL-lə oyun öncəsi olsa da, ağdamlılar demək olar, əsas heyətlə oynadı. Lakin əzmkar oynayan “Qəbələ”ni məğlub etmək mümkün olmadı və qələbə seriyası başa çatdı.

 

undefined

 

Ola bilər ki, futbolçular beynində daha çox APOEL-lə oyunu düşünür. Xal fərqinin böyük olması istər-istəməz futbolçunu belə düşünməyə vadar edir və matça istənilən kimi köklənmir.

 

Günün digər oyununda da qalib müəyyənləşmədi. “ASK Arena”nın ot örtüyünün yenilənməsi ilə əlaqədər çöllərdə qalan “Keşlə” “Sabah”ı Bayılda qəbul elədi.

 

Hesabı açan “Keşlə” qələbəni 90+2-ci dəqiqədə əldə verdi. Buna qədər meydan sahibləri hesabı artırmaq üçün fürsətlər əldə edirdi. “Sabah”ın da qol şansları olurdu. Qonaqlar iki dəfə topu dirəyə vurmuşdu. Yekunda hesabı bərabərləşdirməyə müvəffəq olan “Sabah” bir xalı əldə etdi.

 

 

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov oyundan sonra ehtiyat qüvvəsinin azlığından şikayətləndi. Sözlərində həqiqət var. Əhmədovun ehtiyat qüvvəsi daha zəngin olsaydı, yəqin ki, qələbəni əldən verməzdi.

 

Qış fasiləsinə qədər “Keşlə” ilk dördlükdə qərarlaşsa və heyətinə bir-iki futbolçu cəlb edə bilsə, iddiasına davam edə bilər.

 

 

Yaxşı heyətə malik olan “Sabah” hələ gözlənitləri verə bilmir. Buna baxmayaraq, paytaxt təmsilçisi əsas rəqiblərində elə də uzaq düşməyib. Bu fərqi aradan qaldırmaq mümkündür. İndiki oyunla bu çətindir. Komandaya bu gün köməkçi məşqçi təyin edilən Ramin Quliyevin də köməyi dəyə bilər.

 

“Qarabağ”ın büdrəməsindən “Neftçi” istifadə edə bildi. “Ağ-qaralar” qəliz rəqib hesab edilən “Zirə” üzərində inamlı qələbə qazandı – 3:0. Ardıcıl üçüncü qələbəsini qazanan “Neftçi”də vəziyyət yaxşılaşmağa doğru gedir. Komanda relsə düşüb, Roberto Bordin bundan məmnun olmalıdır.

 

 

“Zirə”nin baş məşqçisi Zaur Həşimovun debütü uğurlu alınmadı. Komanda üzvləri bir-birlərini anlamırdı. “Neftçi” bu səbədən çətinlik çəkmədi. Həşimova futbolçulara sistemini aşılmaq üçün xeyli zaman lazımdır.

 

 

Turun son matçında “Sumqayıt” səfərdə “Səbail”ə 3:0 hesabı ilə qalib gəldi. İlk dövrədə bu komandaya hakim səhvləri ilə uduzan “Gənclik şəhəri” təmsilçisi rəqibini əzmkar oyunla yendi. Komanda elə də çox qol şansı yarada bilməsə də, fürsətləri dəyərləndirdi. Yerli və milliləşən futbolçularla döyüşkən komanda formalaşdıran Ayxan Abbasov pis nəticə vermir.

 

 

 

“Səbail” isə son turlar uğursuz qrafik cızır. Geniş heyəti olmayan Aftandil Hacıyev bu futbolçularla kifayətlənmək məcburiyyətində qalıb. Son dörd oyuna bir xal toplayan “dənizçilər” növbəti turda lider “Qarabağ”a qarşı oynayacaq. Ardıcıl məğlubiyyətlər davam etsə, “Səbail” aşağı yerlərə yuvarlanmalı olacaq.

 

Mehman Əşrəfov

Xəbər xətti