“Neftçi”nin gətirdiyi 15 əcnəbidən 2-3-ü komandaya kömək edib, qalanları yararsız olub” - Erkin İbrahimov

Futbol agenti Erkin İbrahimov Sportal.az-a açıqlamasında yay transfer dönəmi ilə bağlı mövcud durumu dəyərləndirib. O, koronavirus pandemiyasının klubların transfer fəaliyyətinə təsir edəcəyini bildirib:
 
- Əlbəttə, koronavirus pandemiyası transferlərə təsir edəcək. Artıq “Keşlə”də görürəm ki, əcnəbilərin sayını azaldırlar. Əvvəl 7-8 əcnəbi futbolçu olurdusa, indi maksimum 6 oyunçu olacaq. Digər klublarda da belə olacağı gözlənilir. Məsələn, “Qarabağ” qapıçı Emil Balayevə üstünlük verir. Normal dönəm olsaydı, yəqin ki, bunlar baş verməyəcəkdi. Fikrimcə, yerli futbolçulara daha çox üstünlük veriləcək. Hər klubda əcnəbilərin sayının azalacağını gözləyirəm.
 
- Klublar əvvəlki qədər futbolçulara pul ödəyə biləcəklər?
- Əvvəlki maliyyəni klublar təklif edə bilməyəcək. Bu elə bir məsələdir ki, 3-4 klub maliyyəni azaltsa, digərləri də bu addımı atacaq. Məsələn, 2004-cü ildə “Xəzər Lənkəran” maliyyəni artıranda, digər klublar da bu dalğaya qoşuldu. Hətta “Olimpik” kimi iddiasız klublar da maliyyəni artırmağa məcbur olurdu. Bu elə prosesdir ki, 3-4 klub maliyyəni azaltsa, digərləri də qoşulacaq.

- Uğursuz transferlər edən klubların bundan sonra siyaəsti necə olmalıdır?
- Transferlər elə məsələdir ki, klub idarəçilərindən çox amillər asılıdır. “Neftçi” son 2-3 ildə 15 əcnəbi futbolçu gətirib, amma onlardan 2-3-ü komandaya kömək edib, qalanları yararsız olub. Biri 3 ay, başqası 6 ay, digər 1 il oynayıb və komandadan ayrılıb. Məsləhət o adama verilər ki, həmin şəxs bundan ibrət götürsün və idarəçi kimi inkişaf etsin. Baxırsan, eyni adamlardır klubların başında. Hər il səhvlər edirlər. Onların əlində 10 və ya 1 milyon da olsa, yenə səhv edəcəklər. Sponsorlarların üzərinə məsuliyyət düşür. Əgər sponsorlar “Neftçi”də 15 transferdən 2-3-nün faydalı olduğunu görürlərsə və bu, onları qane edirsə, deyiləsi söz qalmır. Bu, tək “Neftçi”yə aid deyil.
 
- Azərbaycanlı futbolçuların ölkə xaricinə çıxışı üçün danışıqlarınız nə yerdədir?
- Bu danışıqlar daim gedir. Ancaq deyəsən, bu il danışıqlar olaraq qalacaq. Hamı bu proseslərin necə davam edəcəyini gözləyir. Bəyənilən futbolçular var. Klublar da problem yaratmır. Sadəcə digər məsələlər qalıb ki, klublara söz verə bilmirəm. Məsələn, futbolçu necə gedib çıxacaq. Futbolda hər günün öz hökmü var. Bu gün üçün real görünmür. Təki vəziyyət yaxşılığa doğru getsin. İndi danışmaq tezdir.
Tarix: 27 İyun [12:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
7 İyul 2020
6  İyul 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio