Rüfət Quliyev: "Biz ola-ola yığmalara niyə əcnəbi məşqçilər gətirilməlidir?" - MÜSAHİBƏ

15:15 - 7 İyul 2020

"Ağsu"nun keçmiş baş məşqçisi Rüfət Quliyev Sportal.az-a müsahibə verib.
 
- Uzun illər "Ağsu"nu çalışdırmısınız və komandanı bir dəfə çempion etmisiniz. Ancaq uzun müddət futboldan uzaq düşmüsünüz. Bunun səbəbi nədir? Klublardan təklif almısınız?
- Üç ildən çox Azərbaycan millisinin üzvü olmuşam. Yığmada 31 rəsmi oyun keçirmişəm. Ölkə çempionu olmuşam, əcnəbi həyatı yaşamışam. Xaricdə liqa çempinu olub, ölkə kubokuna sahib olmuşam. Tehranın “İstiqlal” klubunda Asiya Çempionlar Liqasının bürünc mükafatçısıyam. Həmin dönəm Asiyanın kuboklar kubokunun da bürünc mükafatını əldə etmişəm. Azərbaycana qayıdandan sonra məşqçiliyə başladım və hazırda UEFA-nın “A” kateqoriyalı mütəxəssisiyəm. Ağsuda 2012-ci ildə şəhərin adını daşıyan komandanı yaratdıq və bu kluba bir dəfə divizion çempionluğu qazandırdıq. Bir dəfə ikinci, iki dəfə isə üçüncü yeri tutmuşduq. Bu işin görünən tərəfidir. Həm də 5 yaş qrupundan ibarət uşaq komandaları yaratmışdıq. İndi də bu komandalar qalıb. “Ağsu”dan 2019-cu ildə ayrıldım, çünki nəticələr yaxşı deyildi. Həmin nəticələri özümə sığışdırmadım. Gedişimdən 6-7 ay sonra məlum səbəblərdən klub dağıldı. Bəzi oyunçular və rəsmi işçilər də futboldan uzaqlaşdırıldı. İstəmirəm ki, bu söhbəti açım. Mənə təsir edən yaratdığımız klubun fəaliyyət göstərməməsidir.
 
- AFFA-dan aşağı yaş qruplarından ibarət millilərdə işləmək üçün əlaqə saxlayıblar?
- Böyük məmnuniyyətlə milli komandalarımızda çalışaram. Ancaq bizə rəsmi təklif olmayıb. Azərbaycan futbolu məhv olub gedir, demək olar ki, yox kimidir. Premyer Liqada 8 klub var və Bakı çempionatı keçirilir. Bunun cavabını özümüz tapa bilmirik. Oynadığımız dönəmdən sonra 20-dən çox klub dağılıb. Tovuz, Qazax, Şəmkir, Yevlax, Mingəçevir, Qax, Bərdə, Cəlilabad, Lənkəran, Qusar kimi bölgələrin klubları var idi. Bu komandalarda futbolçular yetişirdi, məşqçilər çalışırdı. Orada nə qədər insan futbolla məşğul olurdu. İndi 8 klub var və heç kimi yaxın buraxmırlar. Bir məşqçi bu klubdan digərinə keçir. Adam qalır belə, gözləyirik biz də. Əgər nəticədən söhbət gedirsə, bizim də uğurlarımız var. 
 
- Uzun müddət bölgə klubunda işləmisiniz. Problemlərə yaxından bələd olan mütəxəssislərdənsiniz. Bu baxımdan layihə hazırlayıb, federasiyaya təqdim etmisiniz?
- Əlbəttə, proqramımız var. Bunun yolunu bilirik. Mən “Ağsu”da klub yaradıb, uğurlar qazanmışam. Bu, göz qabağındadır. Biz AFFA-ya yaxın dura bilmirik. İcraçı vitse-prezident Elxan Məmmədovla bir neçə dəfə görüşməyə çalışdım, ancaq alınmadı, yaxın buraxmadılar. Görüşüb, şəxsi fikirlərimi söyləmək istəyərdim. Əsas Azərbaycan futbolunun gələcəyidir. Vəziyyət yaxşılığa doğru getmir. Mən gördüyümü deyirəm. Bögələrdə futbol məhv olub gedir. Ağsuda uşaq futbolundakı problemlərin şahidi olmuşam. Hakimlərdən tutmuş, uşaqları futbola gətirən müəllimlərə qədər hamısı bərbad vəziyyətdədir. O qədər problemlər var... Formanı çıxaran uşaq, geyimi digər komanda yoldaşına verirdi. Bir məşqçi 5 komandanı mini-avtobusa yığıb, təhlükəsizlik qaydalarına riayət etmədən oyuna gətirirdi. Bəzən heç məşqçi də tapılmırdı. Bəzi hallarda hakimin meydanın mərkəzində stulda əyləşməsi çatmırdı. Bölgə futbolunda problemləri saymaqla bitməz. Nəzarətçilər də gözübağlı idilər. Belə futbol olmaz. Futbolumuz yavaş-yavaş məhv olub gedir. Ölkə prezidenti İlham Əliyev uğurlu islahatlar aparır. Ümid edirəm ki, prezidentimiz ölkə futbolunda da islahatlar aparacaq və futbolumuz inkişaf edəcək. Bunu çox istəyirəm. Öz savadıma güvənən adamam. Azərbaycan futbolu üçün çalışmış və fayda vermiş insanam. Niyə yığma komandalara əcnəbi mütəxəssislər gətirilməlidir? Milan Obradoviç, Miloş Velebit və digərləri... Düzdür, AFFA məşqçilərə kurs keçmək üçün şərait yaradır. Ancaq lisenziyalar alandan sonra işsiz qalırıq. Mənim kimi insanlar təklif almır. Belə duruma düşməyi kiməsə arzu etmirəm.
 
- Divizionda edilən limit dəyişikliyindən sonra orada işləmək həvəsiniz qalıb?
- Divizionda limit bir qırağa qalsın, axı bu çempionatdan Premyer Liqaya qalxan və ya elitadan aşağı dəstəyə düşən klub olmur. Region Liqası yaradılıb, amma heç kimə lazım deyil. O çempionatdan diviziona klub gəlməyib. Ona görə də iş adamlarında klub saxlamağa həvəs yoxdur. Hər gün görürük ki, klub dağılır. Limit tətbiq edildi ki, cavanlar çox oynasın. Bunu da başa düşdük. Mən həvəsdən düşən insan deyiləm. Futbol üçün bacarıqlı insanam. O limitə uyğun işləyə bilərik. Ancaq bu limitdən nəticə çıxmırsa, deməli, başqa cür işləmək lazımdır.
 
- Milli komandanın baş məşqçi postuna irlandiyalı Roy Kinin adı hallanır. Sizcə, yığma üçün yerli mütəxəssis uyğundur, yoxsa əcnəbi?
- Bu postda yerli məşqçilərimizi görürəm. Qurban Qurbanova yığmada daha çox vaxt vermək lazım idi. Arif Əsədov millidə köməkçi məşqçi olsa da, yığmanı özü də çalışdıra bilər. Bizə bu vəziyyətdə yalnız öz mütəxəssislərimiz fayda verə bilər. Aşağı yaş qruplarından ibarət yığmalarda mütləq azərbaycanlı məşqçilər işləməlidir. Futbolçu kimi 7 il əcnəbi həyatı yaşamışam. 4 il İranın “İstiqlal” klubunun üzvü olmuşam. Çalışmışam ki, özümü yaxşı göstərim. Ona görə ki, ya həmin klubda qalım, ya da daha iddialı komandaya keçim. Ürəyimdə həmişə Azərbaycanı sevmişəm. Çünki bir gün bura qayıtmalı olduğumu bilirdim. Berti Foqts, Robert Prosineçki, Nikola Yurçeviç, Milan Obradoviç və digər əcnəbilərə Azərbaycan futbolunun gələcəyi maraqlı deyil. Onları maraqlandıran ancaq aldıqları maaşlarıdır. Onlara çox maraqlıdır ki, 10 il sonra Azərbaycanda futbol necə olacaq? Mətbuatda oxumuşdum ki, Milan Obradoviçə koronavirus pandemiyasının yaratdığı çətinliklərə görə, maaşının azaldılması təklif edilib, ancaq razılaşmayıb. Onları maraqlandıran ancaq puldur, bizim futbolun gələcəyi yox. “Xəzər Lənkəran”, “Simurq”, “Karvan”, “MKT-Araz”, “Şəmkir” kimi klublar Arvopa kuboklarında çıxış ediblər. Hanı indi bu komandalar? “Qəbələ”də də vəziyyət yaxşı deyil. Çoxlu klublar yaratmağa çalışmaq lazımdır. Futbolda işini bilən və bacaran insanlar çalışmalıdır. Bölgələrdə futbol olmalıdır.  Dağıtmaqdansa, yaratmağı bacarmalıyıq. Proqramla hərəkət etmək lazımdır. Futbolumuza ancaq azərbaycanlı mütəxəssislərin canı yanar. Roy Kin millimizə gəlsə, onu maraqlandıran şəxsi nəticəsi və maaşı olacaq. Kini bura gətirənlər cavabdehdir.

Xəbər xətti