“Məndə kifayət qədər videolar, səs yazıları, mesajlar var" - "Karvan-Yevlax”dan uzaqlaşdırılan məşqçi

11:48 - 5 Dekabr 2025

“Karvan-Yevlax”da sular durulmaq bilmir. Yevlax təmsilçisinin noyabrın 21-də Premyer Liqanın 12-ci turunda doğma azarkeşlər önündə “Kəpəz”ə 1:2 hesabı ilə uduzması klub daxilindəki narazılıqları alovlandırdı. Tribunalar bir ağızdan “istefa” şüarları səsləndirərkən, meydandakı nəticədən daha ciddi problemlərin “qapısı açıldı”.

Məsələ təkcə məğlubiyyətlə bitmədi. Klub daxilində özbaşınalıq o həddə çatıb ki, baş məşqçi Azər Həşimovla yollar birtərəfli şəkildə ayrılmasına baxmayaraq, bu qərar nə ictimaiyyətə duyuruldu, nə də peşəkar klub davranışına uyğun şəkildə rəsmiləşdirildi. Komandanı “Qarabağ”la növbəti oyuna çıxaran Füzuli Məmmədovla da müqavilə imzalanmayıb, baş məşqçi kimi təqdim olunmayıb.

İşin ən qalmaqallı tərəfi isə Azər Həşimov və məşqçi heyətinin taleyi ilə bağlıdır. Postundan uzaqlaşdırılan mütəxəssis müqavilədə nəzərdə tutulan təzminatı tələb edir və prosesin hansı mərhələdə olduğu hələ də qaranlıqdır. Amma qaranlıq olmayan bəzi məqamlar da var.

Həşimovun köməkçilərindən biri, “Karvan-Yevlax”ın Premyer Liqaya yüksəlməsi yolunda klubun vitse-prezidenti Kənan Kərimovla birlikdə çiyin-çiyinə çalışan Zaur Hacıyev də rəhbərlik tərəfindən komandadan uzaqlaşdırılıb. Son iki həftə ərzində Hacıyevə dəfələrlə “ola bilsin ki, səninlə bağlı hansısa fikrimiz olsun” kimi qeyri-müəyyən cavablar verilib.

Sportal.az xəbər verrir ki, bütün baş verənlərə dözməyən Zaur Hacıyev Komanda.az-a müraciət edib, danışmaq istədiyini bildirib:

"İsərdim ki, məsələyə burdan başlayam. Əlbəttə ki, mərhələli şəkildə müəyyən fikirlərimizi izah edəcəyik. Uzun müddət “Qəbələ” idman klubu tərkibində, akademiyada, hətta U-19 və əvəzedici komandalarda məşqçilik etmişəm. Kifayət qədər o klubda nəticələrim var. Hətta beynəlxalq nəticələrim belə, mövcuddur. “Qəbələ”nin əsas komandası daha çox əcnəbi məşqçilərə üstünlük verir və əlbəttə ki, hər kəs öz məşqçi heyəti ilə gəlir. Bu cəhətdən əsas komandada iş tapmaq biraz çətinlik yaradır. Amma mənim klubla yaxşı münasibətlərim var idi, mənə inanmışdılar və mən onlarla bir yerdə çalışırdım. Sadəcə, həyatımda, karyeramda dəyişiklik üçün başqa bir komandaya keçməli idim. Həmin illərdə də, ötən mövsümdə də bir neçə komandadan təklif var idi. Mən “Karvan”ın təklifini dəyərləndirdim, çünki Premyer Liqa üçün çox iddialı komanda olduğunu gördüm. Və “Karvan-Yevlax”ı seçdim, düşündüm ki, bu mənim üçün daha yaxşı bir tramplin olar. Ötən mövsüm artıq ailəvi şəkildə Yevlaxa köçdüm, ilyarımdır ki, burda yaşayıram.

Mənim üçün sevindirici hal ondan ibarət oldu ki, seçimimi düzgün etdim. Birinci liqanın şərtləri o qədər də peşəkar olmadığı halda biz Kənan Kərimovla birlikdə əl-ələ verib, əlbəttə ki, futbolçuları da unutmuram, komandanın Premyer Liqaya yüksəlməsi üçün əlimizdən gələni etdik. Və mənə söz verildi ki, Premyer Liqada olduğumuz dönəmdə sən də bizimlə işləyəcəksən. Mənə dedilər ki, növbəti mövsüm üçün də planlarını ona görə qur.

Mövsümün əvvəlində eşitdim ki, Azər Məmmədov baş məşqçi təyin olunacaq, Kənan Kərimov olacaq, bir neçə fiziki-analitik məşqçi gələcək və hətta böyük bir məşqçi heyəti ilə çalışacağıq. Sadəcə, son anlarda tam dəqiq deyə bilmərəm ki, nə ilə bağlı oldu, Azər Məmmədov etiraz etdi və Azər Həşimov gəldi. Və biz – Azər Həşimov, qapıçılar üzrə məşqçimiz Hüseyn Məhəmmədov, mən, həmçinin də Kənan Kərimov birlikdə yeni mövsümə start verdik.

Start olaraq da pis başlamadıq, ilk iki turda xallar almağı bacarmışdıq – “Qəbələ” ilə heç-heçə, “Kəpəz”i məğlub etmişdik. Ondan sonra isə komandamızda eniş başladı. Hazırda bu məsələlərlə bağlı birbaşa danışmaq istəmirəm, onları da yavaş-yavaş açıqlayacam.

“Kəpəz”lə oyundan sonra komandada rəhbərlik səviyyəsində məşqçi dəyişikliyi istənildi. Noyabrın 22-də Azər Həşimova, 23-də isə mənə deyildi ki, bəs, komandaya Füzuli Məmmədov gətirilir və mən Kənan Kərimova sual verdim ki, bu nə deməkdir? O isə cavabında “bu o deməkdir ki, o (Füzuli Məmmədov) öz məşqçi heyəti ilə işləmək istəyir” dedi. Mən də başa düşdüm ki, biz artıq istənilmirik. Belə olan halda da mən Kənan Kərimova söylədim ki, mənəvi dəyərləri nəzərə almırsızsa, rəsmi şəkildə müqaviləyə xitam vermək istəyirsizsə, bunun qarşılığı var, bizim müqaviləmiz var. Təzminatımız ödənməlidir və yaxud da, bu, qarşılıqlı razılaşma yolu ilə olmalıdır. Yəni, biz normal şəkildə komandadan – necə ki, mehriban şəkildə gəlmişik, mehriban da ayrılarıq.

- Azər Həşimovdan fərqli olaraq, sizdə vəziyyət nə yerdədir hazırda?

- Mən artıq 10 gündən çoxdur ki, heç kimlə görüşə bilmirəm. Məşqlərə də buraxılmıram, baxmayaraq ki, Yevlaxda yaşayıram, övladım da burda təhsil alır. Hazırda da Yevlaxdayam. Məndə depolanmış səs yazıları, mesajlar var, hansı ki, dəfələrlə müraciət edirəm, bildirirəm ki, nəyə görə mənimlə bağlı bir fikirə gəlmirsiz? Demək olar ki, ayın 22-23-dən bu yana məndə bu mesajlar depolanmış şəkildə dayanır. Heç bir məlumat yoxdur və bizə deyilmir ki, nə formada olacaq, necə olacaq… Kənan Kərimov bu gün mənimlə görüşmək istəyir.

Bütün bunlarla yanaşı, bu gün mənim Qəbələdəki ünvanıma məktub gəlib ki, neçə müddətdir işə gəlmirsiz. Baxmayaraq ki, klub rəhbərliyindən tutmuş, hər kəs bilir ki, mən Yevlaxda yaşayıram və hər gün də işimə gəlib-gedirəm. Ona görə də, bu, mənim üçün qəbuledilməzdir. Düşünürəm ki, burda hansısa fikir formalaşıb və həqiqətən də doğru deyil.

- Dediz ki, Kənan Kərimovla görüşəcəksiz. Görüşə bilmisiz?

- Xeyr. Ayın 23-dən sonra onunla övladının xeyir işində görüşmüşdüm. Orda həmin mövzulara toxunmaq yeri deyildi. Ayın 25-də Kənan Kərimovun övladının toy məclisində iştirak edirdim. Yalnız həmin gün görüşmüşəm. Ondan sonra görüşəcəyik, görüşəcəyik… Baxmayaraq ki, mən Yevlaxda idim və bilərəkdən hər gün də bazaya gəlirdim, orda olduğumu sübut etmək üçün bir neçə videolar da çəkmişəm. Çünki mən bu fəsadları bilirdim, əvvəlcədən hiss edirdim ki, burda nəsə “əmma”lar olacaq. Orda özümü sübut edəcək videolar da var, hansı ki, işdəyəm, bazadayam. Sadəcə, klubun direktoru Fərmanov Turanbəy var… Nə qədər zəng etsəm də, yazsam da, bazada mənimlə görüşmür. Komanda məşq etdiyi halda, etik qaydaları gözləyərək, başqa hərəkətlər etmədən məşqləri izləyirdim. Bununla bağlı fotolarım, videolarım da var. Yəni, məni məşqə də buraxmırlar, əlaqə də saxlamırlar. Belə deyək, mənə “lay-lay” çalıb, yuxuya veriblər. Və bu gün Qəbələdəki ünvanıma məktub göndərirlər ki, siz əmək müqaviləsi pozuntusu etmisiz, neçə vaxtdır işə gəlmirsiz. Bu kimi şeyləri sübut edəcək kifayət qədər videolar, səs yazıları, mesajlar var. Mən onlara dəfələrlə müraciət etmişəm ki, görüşək, normal şəkildə ayrılaq. Çünki mən növbəti iş yerimi təyin etməliyəm, həyatımı qurmalıyam. Belə olmaz. Belə görünür ki, vaxtı uzada-uzada bu məsələni gerçəkləşdirmək istəyirlər. Amma şükür ki, mən də o qədər ağılsız adam deyiləm, vaxtında bununla bağlı tədbirimi görmüşəm. Bu gün də gün ərzində mənimlə görüşəcəyi barədə dünəndən məlumat verib, amma heç bir görüşümüz reallaşmayıb. Yoxdur, telefonlara cavab vermir, bilmirəm hardadır, gözləyirəm sadəcə. Yəqin ki, mən də Kənan Kərimovla görüşdükdən sonra artıq sivil qaydada öz işimə başlayacam.

Məni ən çox narahat edən məqam odur ki, mənə burda kifayət qədər maddi və mənəvi ziyan vurulub. “Qəbələ”də qazandığım puldan da az məvacibə gəlmişəm bura. Düzdür, özüm karyeram, həyatım üçün “depozit” qoymuşam, danışıb gəlmişəm. Amma danışılanların da çoxunu etməyiblər. Bütün bunlara dözmüşəm ki, komanda Premyer Liqaya çıxacaq və hər şey düzələcək, yaxşı olacaq. Bu gün mənim heç bir günahım olmadığı halda komandadan uzaqlaşdırılıram. Ola bilər də, dünya ədalətsizdir. Eybi yoxdur, bunun sivil qaydaları var. Bunu daha yaxşı şəkildə həll etmək olardı. Təzminat məsələsini və ya hansısa bir məbləğə razılaşıb, əl sıxıb sağollaşmaq daha məqsədəuyğun idi. Bunu bu vəziyyətə gətirmək qeyri-etikdir, düzgün deyil. İnsan haqlarına qarşı, “məcəllə”yə qarşı düzgün deyil. Futbol qayda-qanunlarına, beynəlxalq qurumların qanunlarına qarşı bu, düzgün hərəkət deyil. Hara fırlatsan, yanlışdır. Onlar gələcəkdə haqlı olsalar belə, bu, insani dəyərlərə görə düzgün deyil. Mənim də bu neçə gündə gözləmə səbəblərimdən biri o idi ki, hər gün bazaya işə gəlirəm-gedirəm və gözləyirdim ki… Yenə də deyirəm e, Azər Həşimov mənim də hörmət etdiyim insanlardan biridir. Amma mənim burdakı “pozisyonum” başqa idi. Mən gözləyirdim ki, burda bunlar mənə hansısa bir vəzifə verər. Çünki Kənan Kərimovun ağzından eşitdiyim elə sözlər var idi ki… Mənə göndərdiyi elə mesajlar var idi, hansı ki, “ola bilər, sənin üçün burda bir vəzifə təyin edərəm”… Altdan-altdan da bunlar başqa işlər görürmüş, o, məni çox narahat edir. Yəni, bunlara nə gərək, nə ehtiyac var idi axı. Mən UEFA-nın, FİFA-nın agentiyəm, kurs oxumuşam. Mənim Azərbaycan futboluna kifayət qədər töfhələrim var. Və mənim sizin komandanızın Premyer Liqaya çıxmasında çox böyük əməyim var. Bunu özünüz də bilirsiz. Bu böyük bir mövzudur, bununla bağlı əlavə danışmaq lazımdır. Bu şeylərə rəğmən, niyə axı belə hərəkət etdiz. Axı, mən bu vaxta kimi heç bir jurnalistə klub barədə müsahibə verməmişəm, danışmamışam. Heç bir şikayət etməmişəm. Sadəcə, sizi gözləmişəm, siz nəyə görə mənə qarşı belə edirsiz?

- “Təzminatımız ödənilməlidir” dediyinizdə, o sizə nəsə demədi?

- O, mənə sadəcə dedi ki, “Zaur, səbrli ol, biz görüşəcəyik, səninlə bağlı ola bilsin, başqa fikirlərimiz oldu, danışacağıq”. Yenə də deyirəm, mən də özümü burda köhnə kadr hiss edərək, uzun müddət Yevlaxda yaxşı münasibət qurduğum insanlar var, yaxşı dostlarım var – ona görə dedim ki, elə mövqedəyəm ki, gözləməliyəm. Çünki Kənan Kərimov həqiqətən də mənə Premyer Liqa şansı verən bir insandır. Mən bunları düşünərək, deyirəm ki, eybi yox, yəqin nəyisə həll edir. Mən onu gözləyə-gözləyə, altdan-altdan başqa işlərin getməsi bu gün mənə çox pis təsir edir. Dünənə kimi bu qədər əsəbi, həssas deyildim. Bu, qəbul edilməz məsələdir. Əlbəttə, mən ona yenə də dedim ki, qardaş, göndərildiyimiz halda təzminat olmalıdır. Hamı bilir ki, Azər Həşimov təzminatın tamamını tələb edir, amma mən Kənan Kərimov amilinə görə danışıqlarda razılaşa bilərəm.

Yeri gəlmişkən, bu gün (dünən) noyabrın əməkhaqqı köçürüldü. Amma 865 manat kəsirlə. Burdan bir daha görünür ki, bu hadisələr əvvəlcədən planlaşdırılıb.

Xəbər xətti