Rəqib azarkeşlərə tüpürən futbolçuya 4 oyunluq cəza verildi

12:15 - 6 Dekabr 2025

"Börnli"nin yarımmüdafiəçisi Hənnibal Mejbri qeyri-idman hərəkətində günahkar bilinərək 4 oyunluq diskvalifikasiya alıb.

Sportal.az xəbər verir ki, hadisə 18 oktyabrda "Lids Yunayted"ə qarşı gərgin keçən matç zamanı baş verib. Qarşılaşma "Börnli"nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Müstəqil Nizamlayıcı Komissiya müəyyən edib ki, 22 yaşlı sabiq futbolçu rəqib komandanın azarkeşlərinə doğru tüpürüb. Bu, matçın təxminən 67-ci dəqiqəsində baş verib. Mejbri həmin zaman meydanda olmayıb. O, tribunaların yanında isinmə hərəkətləri etdiyi vaxt qeyri-etik jest edib.

Tunisli yarımmüdafiəçi 4 oyunluq cəzalandırılıb, həmçinin 15 min funt sterlinq məbləğində cərimələnib. Oyunçu öz günahını etiraf edib və qeyri-adekvat davranışla bağlı ittihamlarla razılaşıb.

Mejbri "Nyuaksl", "Fulhem", "Bornmut" və "Everton"la oyunları buraxacaq. O, yalnız dekabrın sonunda meydana qayıda biləcək.

Qeyd edək ki, Tunis millisinin üzvü olan Hannibal Mejbri bu mövsüm "Börnli"nin heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol ötürməsi edib.

Xəbər xətti