Aleksandr Çeferin: "Azərbaycanlı azarkeşlərin canlı futbol izləməyi haqq etmədiyini düşünürsünüz?" MÜSAHİBƏ

13:51 - 28 May 2019

UEFA-nın prezidenti Aleksandr Çeferin Almaniyanın "Der Spiegel" nəşrinə müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 51 yaşlı sloveniyalı futbol funksioneri Avropa Liqasının finalının Bakıda təşkil olunması ilə bağlı suallara cavab verib.

 

- UEFA Avropa Liqasının finalını Bakıya salmaqla təpkilərlə üzləşdi. Nə üçün belə seçim oldu?

- Niyə? Çünki Azərbaycanda da insanlar yaşayır və futbolu sevirlər. Sadəcə, İngiltərə və Almaniyada deyil, hər yerdə futbolu inkişaf etdirmək məcburiyyətindəyik.

 

- Azərbaycan hakimiyyəti mövcud rejimə qarşı çıxan insanları həbs edir. Finalı Bakıya salmaqla ölkədəki vəziyyəti qanunlaşdırırsınız.

- İnsan haqqları məsələsi problemdir. Ancaq Avropanın digər ölkələrində də insan haqqları problemi var. Bakıdakı insanların bu səbəbə görə canlı futbol izləməyi haqq etmədiyini düşünürsünüz?

 

- "Arsenal" və "Çelsi"yə azarkeşlərinə 6 min bilet ayrılıb. Azarkeşlər ağır və bahalı səfərə yollanmalıdır.

- Bildiyim qədər, klublar biletlərin bir qismini bizə qaytarıb, çünki sata bilməyiblər. Bu arada, mən asan uçuşlar üçün aviabiletlərin olduğunu söylədim. Lakin kimsə bu haqda danışmır. Həmişə UEFA-nı günhakar göstərmək istəyirlər. Bu populizmdir. Hər klubun səyahət edən azarkeşlərini dəstəkləmək üçün konstruktiv təklifi, yaxud fondu olmasına nə deyirsiniz? Əlbəttə, Bakı Londondan uzaqdır, lakin final üçün yer seçərkən həlledici görüşdə hər iki komandanın İngiltərədən olacağı bilinmirdi.

 

- "Arsenal" erməni futbolçusu Henrix Mxitaryanı siyasi səbəblərə görə Bakıya aparmadı. Klub Ermənistana düşmən olan ölkəyə getdiyi üçün təhlükəsizlikdən qayğılanır.

- Azərbaycan təhlükəsizlik planı və zəmanət təqdim etdi. Yekunda futbolçu səyahət etməmək qərarına gəldi. Vəziyyəti futbolçunun ixtiyarına buraxsaq, heç bir şey edilə bilməz. Terroristlərin hədəfi olan Fransada təhlükəsiz Avropa çempionatı keçirmişik.

 

- Dörd ingilis klubunun avrokubokların finallarına yüksəlməsi problemdir?

- Xeyr, problem deyil və gələn il bunun təkrarlanacağını düşünmürəm. ÇL-də fərqli ola bilərdi. "Ayaks" finala çox yaxın idi.

Xəbər xətti