Balaş Cucak: "Azərbaycanla oyun Xorvatiya ilə matçdan daha ağır olacaq"

18:01 - 30 May 2019

Macarıstan millisinin kapitanı Balaş Cucak AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla Bakıda keçiriləcəkləri oyun barədə danışıb.

 

Sportal.az "Nemzeti Sportnak"a istinadən xəbər verir ki, 32 yaşlı vinger Bakıda ağır oyuna çıxacaqlarını deyib:

 

"Bəlkə də, Azərbaycanla oyunda daha çox tərləyəcəyik. Bir az da irəli gedərək söyləyim ki, bu oyun bəlkə də, Xorvatiya ilə matçdan daha ağır olacaq. Səfər oyunlarında üç xal qazanmaq asan deyil. Belə səfər oyunları hər zaman ağır olur. Cəhənnəm 90 dəqiqə çətin olur".

 

Birləşmiş Ərəb Əmirliklərinin "Əl-İttihad" klubunda çıxış edən təcrübəli sima Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq istədiklərini sözlərinə əlavə edib:

 

"Azərbaycana qalib gəlməliyik, yoxsa Xorvatiya ilə oyundakı qələbənin əhəmiyyəti olmaz. Bu oyunda 3 xal bizə böyük üstünlük verəcək. Avropa çempionatında yenidən oynamaq arzumdur. Mətbuatımızın və azarkeşlərimizin 2016-cı ildə Avropa çempionatında yüksələndə yaşadığı hissləri heç vaxt unutmayacam. Minlərlə insan uğurumuzu küçələrdə qeyd etdi. Möhtəşəm atmosfer idi. Bunu yenidən yaşamaq istəyirəm".

 

İyunun 8-də "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Macarıstan oyunu saat 20:00-da başlayacaq.

Xəbər xətti