Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş AÇ-2020-nin seçmə mərhələsində İslandiya ilə oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, 67 yaşlı mütəxəssis komandanın Reykyavik hava limanında iki saat saxlanılması barədə bunları deyib:
"Dünənlə bağlı nəsə danışmağa ehtiyac yoxdur. Baş verənləri azdırmaq üçün söz-söhbət var. Kobudluq və tərbiyəsizlik edilib. 50 ildir səyahət edirəm. Belə bir şey bir burda, bir də Kiprdə olmuşdu. Böyük ölkələr kiçik işlərə baş qoşmaz. Bu, kiçik ölkələrin işidir".
Təcrübəli mütəxəssis sözlərinə belə davam edib:
"Futbola dostluq, feyr-pley olaraq, irq və dil ayrımı olmadan hamını birləşdirən bir şey kimi baxırıq. İslandiya böyük simpatiya toplamışdı. Mən bura sonuncu dəfə 43 il əvvəl - 1976-cı ildə gəlmişəm. Meydan eyni ola bilər, şəhər böyükdür, ancaq bəllidir ki, beyinlər kiçilib. İslandlar ağlımda yaxşı iz buraxmışdı. İsti münasibət göstərən və simpatiyamı qazanmışdılar. Ancaq indi bu düşüncə məndə yoxdur. Türkiyədə bir neçə islandiyalı futbolçu oynayır. Biz nəyin arxasınca düşmüşük? İki məmurun tərbiyəsizliyini danışacağıq? Mən 53 ildir futbolun içindəyəm. İnsan X-ray cihazına qoyulmaz. Məmur pasportumu alıb, mənə yelləyir. Deyir ki, nə etmək istəyirsən, niyə baxırsan? Rəqib futbolçu Konyada belə halla üzləşdiklərini deyib. Əgər olubsa, o da tərbiyəsizlikdir. Nə olursa, olsun, belə şeylərə qarşıyam. Orada edilib deyə, burda da təkrarlanırsa, daha da çirkindir. Biz böyük millətik və kiçik işlərlə məşğul ola bilmərik. Təqvim düzəldiləndə İslandiya yığması ardıcıl iki ev oyunu keçirməli oldu. Mən bundan bəhs etmədim. Niyə başqasına edilmədi? Sizi qoruyurlar onsuz da, mən bunları danışmadım".
Şenol Günəş hava limanında özünü jurnalist kimi təqdim edən və Əmrə Belözoğluna mikrofon əvəzinə tualet fırçası uzadan şəxs barədə bunları söyləyib:
"Yanlışları söyləyərək, kimisə üzmək istəmirəm. Mənə gülməli gəldi, qəsdən edildiyi bəllidir. Hələ danışanda səhv bizdə olur. Qaydalardan bəhs edirlər. Nədir qaydalar? Vətəndaşları normal prosedurlar keçirmək lazımdır, saatlarla gözlətmək olmaz. Adam fırça ilə gəlib, bıçaqla da ola bilər. Mən bunlardan danışmaq istəmirəm. Meydanın kənarındakı hadisələrdən islandiyalı rəsmilər xəbər tutanda, əminəm ki üzüləcəklər. Bir ölkəyə girirsiniz və kamera, telefon, krem, ətirinizi alırlar. Niyə alınır? Bunlar bəllidir ki, təmbeh üçündür".
Təcrübəli çalışdırıcı haqq etdikləri nəticəni qazanmaq istədiklərini bildirib:
"Tək ürək, tək nəfəs olduğumuzu bilirəm. Türkiyədə də hər kəsin bizimlə eyni düşüncədə olduğundan əminəm. Bütün Türkiyə uğur gözləyir, bizdə əlimizdən gələni edib, haqq etdiyimiz nəticəni qazanmağa çalışacağıq".
saytlarin hazirlanmasi