Bu il transferlərə 1,5 milyon avro xərcləyəcəklər - "Səbail"in rəqibi haqda

23:55 - 21 İyun 2019

Mən elə Bakıya gələndə demişdim ki, heç bir rumın klubu Avropa Liqasında bizə rəqib olmasın.

 

"Səbail"in bəxti gətirmədi.

 

İlk öncə onu deyim ki, Krayovada möhtəşəm stadion var və azarkeş dəstəyi yüksək səviyyədə olacaq. 31 000 nəfərlik stadion 2017-ci ildə tikilmişdi.


"Universitetea Krayova"nın büdcəsi 9 milyon avrodu. Bu il 1,5 milyon avronu yalnız transferlər üçün xərcləyəcəklər. Az pul deyil.

 

Yetərincə maraqlı oyunçular əldə etmək olar. Məsələn, "U Krayova" "Politehnika İaş"dan Kamer Qakanı aldı və 150 000 avro transfer haqqı ödədi.

 

Bundan əlavə, onlar Aleksandru İonitsanı da almaq istəyirlər. Onun keçidi üçün 800 000 avro ciblərindən çıxartmağa hazırdılar.

 

Bu oyunçu bizə çox tanışdı. Belə ki, Astra-Zirə oyununda 10 nömrə geyinmiş futbolçudur. "Zirə" müdafiə xəttini tam yormuşdu.

 

"Səbail" kimi, "U Krayova" da komandanın yarısını yola salıb. Klublar arasındakı fərq odur ki, "U Krayova" öz oyunçularını başqa klublarda kirayə əsasında oynadırdı və hal-hazırda onlar kluba qayıdıblar.

 

Onlardan biri Mihai Roman II-di. Bundan əlavə Vladoiu da "Dunarea Kalaraş"-dan öz klubuna qayıdacaq.

 

"U Krayova"nın güclü hücum xətti var. Yovan Markoviç bu mövsüm deyilənə görə ulduz oyunçu ola bilər. 


Orta sahədə Aleksandru Mateiu və Kristi Barbuts çox seçilirlər.  Qapıçıları Mirko Piqliaçelli də öz işini yaxşı görür. 


Müdafiə xətti bir az naməlumdur. Çox güman ki, burada yeni oyunçular görəcəyik. Amma onlarda bir braziliyalı var, hansı ki bizim Denis Silvaya oxşayır.

 

Bir də görürsən, yaxşı oynayır, bir də görürsən, elə "quş" edir ki, adam bunun futbolçu olmağına təəccüblənir - onun adı Tiago Ferreirad.

 

Tanıdığımız Meza Kolini "U Krayova" tez satmaq istəyir. Ondan narazı qaldılar. Çox vaxt ehtiyyatda qalan oyunçu ümidləri boşa verdi. 


Həmçinin Azərbaycanda vaxtı ilə oynamış Andrei Kristea da komandadan uzaqlaşdırılıb.

 

Klubun maliyyə mənbəsi çox güclüdür. Amma hələ futboldan güclü pul qazanmayıblar. İstəyirlər bu il çempionluğa oynasınlar. Ən azından klubun patronu belə deyir.

 

Ona görə ciddi transferlər etməyə hazırlaşırlar. Yoldaşlıq oyunlarını da ciddi klublara qarşı keçirdəcəklər. Bunların arasında "Qarabağ" da var.

 

"U Krayova" hələ yalnız 1 rəsmi transfer edib. Çox güman ki, iyul ayında daha çox transferlər görəcəyik.

 

Abbas Zahidi

Xəbər xətti