MDB ölkələrinin klublarının Rusiya Premyer Liqasında iştirak etmək ehtimalına münasibət bildirən UEFA milli fereasiyalar razılığa gələcəyi təqdirdə, bu ideyanın mümkünlüyünü qeyd eləyib.
Həqiqətən, bir anlıq təsəvvür eləyək ki, çempionumuz “Qarabağ” Rusiya Premyer Liqasında çıxış edir. Misalçün, 14 Rusiya klubu və daha 6 komanda isə MDB ölkələrinin ən yaxşıları. Rusiya I Divizionundan gələnlər öz 14 klubu arasında ən pis nəticə göstərən 2 klubu əvəzləyir. Digər ölkələrin klublarına gəlincə, Azərbaycanda 1-ci yer tutan komanda “Qarabağ”la təsnifat görüşləri keçirir. 2 oyunun nəticəsinə görə qalib gəlirsə, Rusiya Premyer Liqasında oynamaq hüququ qazanır, “Qarabağ” qayıdır öz liqamıza. Və ya əksinə, “Qarabağ” qələbə qazanırsa, bizi yenə oralarda təmsil eləyir. Təsnifat görüşlərində qələbə qazanan komanda həm də Çempionlar Liqasına yollanır ölkəmiz adından.
Açıq suallardan biri də limitlə bağlıdı. Rusiyada 8 (əcnəbi) + 17 (yerli) limiti tətbiq olunarsa, MDB-dən olan klublar yerli statusunda öz ölkələrinin futbolçularından istifadə edər, ruslar da öz. Yəni, burada da ciddi maneə yoxdur.
Amma əsas sual başqadır – Rusiya Premyer Liqasında çıxış etmək “Qarabağ”a nə verəcək? İlk növbədə rəqabətsizlik mühitində yaşadığı Azərbaycan Premyer Liqasından özündən qat-qat güclü komandalarla dolu Rusiyada çıxış edərək səviyyəsini artırmaq imkanı. Digər tərəfdən 19 ev oyununda, üstəgəl, “Qarabağ”ın Avropadakı oyunlarında anşlaq yaranar ki, Azərbaycanda futbola olan marağı SSRİ dönəmindəkinə gətirə bilərik.
Nüanslar çoxdur, bu mövzuda uzun müzakirələr də aparmaq olar. Ancaq hələ ki bu fikir ətrafında real heç nə yoxdur. Düzü, çətin ki bu ideya gerçəkləşə. Amma ilk baxışdan demək olar ki, pis fikir deyil.
saytlarin hazirlanmasi