Klublar AFFA-nın qərarını gözləyir - "Şamaxı" çətin vəziyyətlə üzləşib

11:32 - 18 Aprel 2025

AFFA-nın son Hesabat Konfransında çıxış edən Rövşən Nəcəf deyib ki, dövlət tərəfindən klublara ayrılan illik maliyyədə artım olmayacaq. Bu, azalma anlamına gəlir. Çünki bundan sonra 30 milyon manat 10 yox, 12 komanda arasında bölünəcək. Belədə hər klubunun payına 2,5 milyon düşəcək, daha əvvəlki mövsümlərdəki kimi 3 milyon yox! 

AFFA prezidenti azalmananın anonsunu versə də, həmin gün keçirilən İcraiyyə Komitəsində bununla bağlı qərar verilməyib. Bu məqam klubları az da olsa ümidləndirib ki, şifahi dilə gətirilən məsələ rəsmiyyətə alınmayıb. 

Əslində, yalnız maliyyənin azalması yox, kəsirin büdcənin hansı istiqamətlərinə təsir edəcəyi də maraqla gözlənilir. İndiyə qədər klublara ayrılan pulun təyinatına görə, 2 milyon əsas komandaya, maliyyənin qalan hissəsi infrastruktur, uşaq futbolu, marketinq və s. sahələrə xərclənməliydi. Azalma olacağı təqdirdə 500 min manatlıq kəsirin hansı istiqamətə təsir edəcəyi hələ ki məlum deyil. 

Bundan ən çox əziyyət çəkən klub sözsüz ki, "Şamaxı" olacaq. Premyer Liqada sponsorsuz tək klub olan bölgə təmsilçisi bütün ümidini dövlətdən gələn vəsaitə bağlayıb. Bu klub üçün 500 min azalma onsuz da yaxşı olmayan maliyyə durumlarının daha da çətinləşməsinə gətirəcək. 

Hər halda AFFA yaxın zamanlarda bu məsələyə rəsmi qiymət verməlidir. Yeni mövsümün transfer çalışmalarına artıq indidən başlayan klublar işini bilməlidir ki, heyətdə olan futbolçularla müqavilə müddəti artırılarkən, yeni futbolçular gözaltı edilərkən büdcəyə uyğun hərəkət etsinlər. 

Həmid

 

 

 

Xəbər xətti