Fərqli "Zirə" görürük bu mövsüm. Bir sezonda iki dəfə 0:2-dən geridönüş eləyib qələbə qazanmaq elə belə iş deyil. Özü də "Qarabağ", "Neftçi" kimi komandalarla oyunda.
Xeyli vaxtdır ki, "Qarabağ"dan başqa avrokubokların qrupunda heç bir təmsilçimizi görmürük. Haradasa əlçatmaz məsələyə dönüb elə bil. Amma son mövsüm "Zirə" bu mənada ümid verdi. Konfrans Liqasında pley-offa qədər irəliləməklə digər klublarımız üçün də qrupların xəyal olmadığını göstərdi. Sadəcə son məqamda təcrübə çatmadı "Zirə"yə.
Amma bu mövsümün "Zirə"si daha əzəmətli görünür. Etibarlı müdafiə, güclü hücum, intizamlı kollektiv asta-asta beynəlxalq səviyyədə oyunlar üçün də yetişir. Avrokuboklarda məhz təcrübə vacibdir, beynəlxalq oyun təcrübəsi.
Gedişatdan belə görünür ki, "Zirə" ikinci pilləni əldən verməyəcək. Belədə "Qarabağ"ın ölkə kubokunu qazanması lap yerinə düşərdi Rəşad Sadıqovun komandası üçün. Çünki bu halda "Zirə" mübarizəyə Avropa Liqasından başlayacaq və qruplara vəsiqə qazanmaq üçün daha şanslı olacaq.
Mövsümün bitməsinə hələ vaxt var. Ona qədər isə bu zirəkliyin davamını izləyək.
Həmid
saytlarin hazirlanmasi