Qurban Qurbanov: "Hər oyunçu 90 dəqiqə eyni səviyyədə oynaya bilməz"

00:32 - 6 Avqust 2025

Bu gün UEFA Çempionlar Liqasında növbəti görüşünə çıxan "Qarabağ" "Şkendiya" ilə üz-üzə gəlib. Ağdam təmsilçisi ilk hissədə vurduğu qolla Şimali Makedoniyada 1:0 hesabı ilə qalib gəlməyi bacarıb.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Ağdam təsmilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularıma sona kimi mübarizə apardıqlarına görə təşəkkür edirəm. Təbii ki, texniki səhvlərimiz oldu. Lakin nəticə üçün oynamağı bacardıq. Rəqib komanda haqqında xoş sözlər demək olar. Əvvəlki 2 oyunda qalib gəldiklərinin təsadüf olmadığını sübut etdilər. Hər bir halda bu cür oyunda belə bir komandaya qarşı qalibiyyətlə dönmək böyük bir avantajdır, amma biz Bakıda daha diqqətli və ciddi olmalıyıq. 

- Stadionda 20 mindən çox azarkeş var idi. Bu atmosfer haqqında fikirləriniz? 

- Futbolun gözəlliyi azarkeşdir. Belə bir stadionda bu cür atmosfer oyunu daha da gözəlləşdirdi. "Şkendiya" bu atmosferdə daha da motivasiya olmuşdu. Biz bir neçə il bundan əvvəl bu stadionda oynamışdıq, lakin bu cür azarkeş dəstəyi ilə qarşılaşmamışdıq. 

- Kadi Borgesin bu gün zəif təsir bağışladığı fikri ilə razısınızmı?

- Ola bilər bəzi epizodlarda zəif təsir bağışladı. Amma bu gün bunu müzakirə etməli deyilik, çünki rəqibin gücünü də nəzərə almaq lazımdır. Ona qarşı rəqib müdafiəçilər daha çox diqqət ayırırdılar. Hər oyunçu 90 dəqiqə eyni səviyyədə oynaya bilməz. 

- Azərbaycanda bir çox albaniyalı futbolçu oynayır. Həmin oyunçulardan və "Şkendiya"nın heyətindəki futbolçulardan "Qarabağ"da görmək istədiyiniz biri varmı?

- Mənim komandamda bir çox alban futbolçu olub. İlk ağla gələn Ansi Aqolli və Admir Telidir. Onlar mənim üçün həm dəyərli insan həm də yaxşı oyunçular idi. Ümumiyyətlə, Balkan ölkələrinin futbolçularında həmişə güclü bir xarakter olub. "Şkendiya"nın heyətindən hansısa futbolçu haqqında fikir bildirməyim düzgün olmaz.

Orxan Həsənquluyev

Xəbər xətti