Dünya çempionatında komandaların say artımına, su fasilələrinə və s. məqamlara narazılıq edənlərə rəğmən, maraqlı mundial izlədiyimizi deyə bilərik. Gözlənilməzliklər də var, maraqlı mübarizə də.
Ən əsas diqqət yetirməli məsələ odur ki, demək olar hamı futbol oynamağı öyrənib. Yığmalar arasında səviyyə fərqi görünməyə görünür, amma kor-koranəlikdən çox, güclü rəqibə qarşı düşüncəli oyun tərziylə müqavimətlərə də tez-tez rast gəlirik. Yazının bu yerində bizdən başqa hamının qabağa getdiyi düşüncəsi gəlir adamın ağlına...
Bu dünya çempionatının əvvəlkilərdən bir fərqi də ondadır ki, daha heç kim uğursuzluqla rahat-rahat barışmaq istəmir. Cənubi Koreyanın prezidenti Li Ce Myonq sosial şəbəkə hesabında yığmanın uğursuzluğunu idarəetmə və kadr siyasətindəki səhvlərin nəticəsi hesab etdiyini yazıb. Vətəndaşlardan vergi daxilolmalarını, dövlətin futbola verdiyi dəstəyi qabardan ölkə başçısı müvafiq qurumlara bunu araşdırmağı tapşırıb.
Səudiyyə Ərəbistanında isə Futbol Federasiyasının prezidenti Yasir Əl-Mişal istefa verib. O, hesab edib ki, milli komandanın pley-offa vəsiqə qazana bilməməsinin məsuliyyətini birbaşa özü daşıyır. Uruqvayda bir başqa cür davranıblar. Millinin məlum uğursuzluğundan sonra çarter reysini ləğv eləyiblər, futbolçuların öz imkanları hesablarına qayıtmalı olduğunu deyiblər.
Başqa nümunələr də yazmaq olar. Amma bu qeydlərin məğzi başqadır. Futbol böyük pulların dövr elədiyi spesefik sahədir. Başlı-başına buraxanda məsul adamların şəxsi maraqlarına xidmət etmə halları rast gəlinir. Elə uzağa getməyib öz futbolumuza baxaq. Elxan Məmmədovun 15 illik fəaliyyəti göz qabağındadır. Dövlət tərəfindən futbola birbaşa və dolayı yolla milyardlarla vəsait ayrılsa da, bu sahə günü-gündən gerilədi, indi də miskin vəziyyətdədir.
Təəssüf ki, hazırda da vəziyyət fərqli deyil. Dövlət maliyyə ayırır, amma nəzarət mexanizmi hiss olunmur. Yenə də idarəetmə kimlərin əlindədirsə, hər şeyi öz ağıllarına görə edirlər, öz ətraflarına yol açmaqla məşğuldurlar. İllər keçsə də, futbolumuzda dəyişən ciddi heç nə yoxdur!
Emin Abbasov
saytlarin hazirlanmasi
