Tuyqun Nadirov: "Kuboku qazanmaq bizim əsas hədəfimizdi"

15:11 - 24 Dekabr 2015

"Yanvardan etibarən hər şeyin özünüz şahidi olacaqsınız"

 

"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov bu gün baş tutan AFFA Klublar Komitəsinin növbəti iclasından sonra fikirlərini bölüşüb.

 

Sportal.az Azerisport.az saytına  istinadən xəbər verir ki, o, öncə bunları söyləyib:

 

"Bu gün ilin yekunlarını müzakirə etdik. 5 məsələyə baxıldı. Onların bir hissəsi AFFA İcraiyyə Komitəsinə göndərildi. Həmçinin uşaq futbolunun inkişafı ilə də bağlı müzakirələr aparıldı".

 

"Mən özüm bu dəfə namizədliyimi verməmək qərarına gəldim. Çünki Klublar Komitəsindəki işlərimlə əlaqədar "Xəzər Lənkəran"a istədiyim qədər vaxt ayıra bilmirdim. Bundan sonra daha fəal olacağam. Əksəriyyət Fikrət Hüseynova səs verdi. O, artıq uzun müddətdir futboldadır, bu sahədə təsadüfi adam deyil. Mən də ona səs verdim".

 

"Bizim ən böyük uğurumuz AFFA və PFL ilə effektli dialoq qurmağımız oldu. Ümid edirəm ki, bu uğurlu dialoqlarımız gələcəkdə də davam edəcək".

 

Nadirov "Xəzər Lənkəran"ın vəziyyətinə də toxunub: "Mətbuatda klubumuzun gələcəyi ilə bağlı müxtəlif şayiələr dolaşır. Klubumuz yenə Mənsimovlar ailəsi tərəfindən maliyyələşir. Onlar klub üçün hər bir şərait yaradıblar. Biz fəaliyyətimizi dayandırmamışıq. Borcumuz yoxdur. Bütün infrastrutur özümüzə məxsusdur. Biz bəlkə də öz yetirmələrinin sayəsində çıxış edən yeganə klubuq. Hər bir yığmada akademiyamızın yetirmələrinə rast gəlmək mümkündür".

 

"Bizim avrokuboklara ölkə kuboku vasitəsilə vəsiqə qazanmaq şansımız var. Bu üzdən də kuboku qazanmaq bizim əsas hədəfimizdir".

 

"Komandamız qış hazırlıq prosesini ölkə xaricində keçəcək. Hər şeyə komandanın baş məşqçisi və prezident qərar verəcək. Komanda üçün hər bir şərait yaradılacaq. Yanvardan etibarən hər şeyin özünüz şahidi olacaqsınız".

 

"Manatın devalvasiyası bizə də təsir edib. Baxmayaraq ki, futbolçularımızın hamısı maaşını manatla alır. Cəmi üç futbolçuya borcumuz var. Onu ödəməliyik. Bunu gizlətmirik".

Xəbər xətti