"Bunun artıq mənə aidiyyatı yoxdur"
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevin azerisport.az saytına müsahibə verib.
Sportal.az sizi həmin müsahibə ilə tanış edir:
- Türkiyənin "Mersin İdmanyurdu" klubundan təklif almağınız doğrudur?
- Bəli, Türkiyənin Super Liqa klubundan mənə təklif var. Mənə zəng etmişdilər. Bu kluba keçməyi təklif etdilər.
- Siz nə cavab verdiniz?
- Mən bildirdim ki, məni komandalarında görmək istəyirlərsə, "Qarabağ" klubuna müraciət etsinlər. Neçə ildir bu komandada çıxış edirəm. İndi təklif gələn kimi hər şeyi bir kənara qoyub, gedə bilmərəm.
- Deməli, qərarı siz verməyəcəksiniz?
- Fikrimcə, Qurban Qurbanov bu məsələni həll edəcək. O, məni buraxsa, Türkiyədə oynamağın əleyhinə deyiləm.
- Bu yöndə hansısa dəiyişiklik var?
- Hazırda istirahətdəyəm. Mən də baş verənləri mətbuatdan izləyirəm. Hələ ki, bir yenilik yoxdur.
- Xaricdə oynamaq arzunuz var?
- Mən öz gücümü Türkiyə Super Liqası kimi güclü çempionatda sınamaq istəyərdim. Bu, mənim üçün böyük bir şansdır.
- Bəs siz "Mersin İdmanyurdu" klubunun futbolçularının uzun müddətdir pullarını ala bilmədiyini eşitmisiniz?
- Bunun artıq mənə aidiyyatı yoxdur. Düşünmürəm ki, bu məsələ mənim Türkiyəyə yollanmağıma mane olsun.