"Çempionatımızın səviyyəsi kəskin olaraq aşağı düşüb"
Menecer Tural Əsgərovun sportal.az-a müsahibəsi:
- Bu mövsüm Avroliqada ölkəmizi təmsil edən dörd klubdan ikisi qrup mərhələsinə vəsiqə qazandı. Komandalarımızın çıxışı haqda nə deyə bilərsən...
- Bu mövsüm klublarımız üçün çox uğurlu oldu. Komandaların çıxışını müsbət qiymətləndirmək lazımdı. “Neftçi” haqda uzun danışmağa ehtiyac yoxdu. Çünki komandada rəhbərlikdən tutmuş baş məşqçiyə kimi dəyişilmişdi. Amma “Neftçi” “Mladost”u keçməyə borclu idi. “İnter” çoxlarını təəccübləndirdi. Ona görə ki, komandanın büdcəsi yaxşı olan vaxtlarda belə uğur əldə etməmişdi. Heyət büs-bütün dəyişmişdi. “İnter”in çıxışı bizim üçün xoş sürpriz oldu. “Qəbələ”nin heyəti və büdcəsi imkan verirdi ki, komanda Avroliqanın qrupuna vəsiqə qazansın. Qrup mərhələsində iştirak etmək “Qəbələ” üçün böyük uğur idi. “Qarabağ”dan bu uğur gözlənilirdi. Komandanın qrupu çox güclü idi, sürprizə imza atmaq istəsə də, alınmadı.
- Belə müqayisə edirlər ki, “Qarabağ” “Qəbələ”nin qrupunda olsaydı qrupdan çıxa bilərdi...
- Bu sualı Qurban Qurbanova da verirlər. O qrupda olsa çox xal yığardı, bu qrupda olsam növbəti mərhələyə yüksələrdi. Belə müqayisə məntiqə uyğun deyil. Bəlkə, “Qarabağ” başqa qrupda olsaydı daha az xal yığardı. Bəlkə də, növbəti mərhələyə yüksələrdi. Bunu bilmək olmaz. Kim bilir, “Monako”nun yerinə PSJ, “Tottenhem”in əvəzinə “Mançester Yunayted” olsaydı “Qarabağ” qrupdan çıxa bilərdi. Bu, futboldu. Futbolda hər şey baş verə bilər. “Qarabağ” Belçikada “Anderlext”lə oyunda hesabı açsa da üstünlüyünü qoruya bilmədi. Əgər 2-3 dəqiqə ərzində komanda qapısını toxunulmaz saxlasaydı növbəti mərhələyə yüksələ bilərdi. Ancaq bunların hamısı ehtimaldı, qeyri-ciddi müqayisədi. Azarkeşin komandanı qınamağa haqqı var. Çünki azarkeş hər zaman qələbə istəyir. Ümumilikdə, büdcə, şərait, çempionatın səviyyəsi baxımından “Qarabağ”ın çıxışını uğurlu saymaq lazımdı.
- Demək olar ki, cempionatın səviyyəsi aşağı düşüb...
- Hətta kəskin olaraq. Son 2-3 ildə hansı futbolçumuz üzə çıxıb. Komandalar büdcəsinə uyğun olaraq futbolçu transfer edirlər. Son illər büdcənin aşağı düşməsi komandaların heyətinə daha güclü legionerlərin transfer etməsinə imkan vermir. Son vaxtlarda da klublarımızın maliyyə sıxıntısında olması çempionata bir qədər də təsir edə bilər. Çünki gəlmə futbolçuları da dəvət edəndə çətinlik çəkirik. Onlar da pul az olanda qane olmurlar. Belə olan halda komandalar güclənə bilmirlər. Bu gün "Qarabağ" və "Qəbələ"ni çıxmaq şərtiylə digər komandalarda maliyyə demək olar ki eynidir. Ona görə də 2-5 yerlər arasında xal fərqi elə də böyük deyil.
- Legioner limitinin götürülməsi çempionatımıza faydalı olar?
- Mən istənilən limitin əleyhinəyəm. Əcnəbiyə, yerli futbolçulara maaş və.s limit qoymaq ciddi şəkildə heç nəyə müsbət təsir göstərmir. Əgər limit qoymağın müsbət təsiri olsaydı, qabaqcıl futbol ölkələri də bundan istifadə edərdilər. Qoyulan limitə o cəhətdən müsbət yanaşmaq olar ki, futbolçularımız inkişaf etsinlər. Əgər limit ləğv olunsa, yerli oyunçularımız əcnəbi futbolçulara rəqabətdə uduzar. Bu gün limiti yığışdırmaq elə də təhlükəli olmaz. Bunun heç bir faydası yoxdu. I Divizionda da qoyulan yaş limitinin əleyhinəyəm. Bunların heç bir faydası olmayacaq. 2 il əvvəlcə deyirdik ki, I Divizion “bataqlıq”dır. Elə indi də deyirik. Deməli, heç bir xeyri yoxdu
- Əvəllər futbolçularımız evdə yetərincə pul aldığına görə xarici klublara getmirdilər. İndi isə maliyyə problemi üzündən onlar kənara çıxmağa can atırlar. Lakin kənara çıxan futbolçularımız da orada qərar tuta bilmirlə və tez bir müddətdə Azərbaycana qayıtmasıyla nəticələnir. Futbolçularımızın xarici klublarda möhkəmlənməməsinə səbəb nədi?
- Bir ara bizim futbolçularımız PTT I liqada legioner kimi sayılmırdı. Daha sonra isə futbolçualrımız əcnəbi kimi qəbul edildi. Belə olan halda da bizim oyunçulara üstünlük verilmədi. Çünki orada da limit var. Futbolçunun öz səviyyəsi olarsa, möhkəmlənə bilər. Bəzən də futbolçularımız düşünür ki, gedib Rumıniyada, Türkiyədə və.s ölkədə qazandığımı elə burda qazanıram da. Hazır evimin içindəyəm. Təəssüf ki, oyunçularımız qarşılarına hədəf qoymurlar ki, mən “Barselona”da, “Bavariya”da və.s. güclü klublarda çıxış edəcəm. Açıq aydın görünür ki, uşaq futbolumuzun inkişafı çox zəifdi.
- Hazırda neçə futbolçumuzu xarici klubda görürsən?
- Sözün düzü, bir az çətin sual oldu. Bu, futbolçunun istəyindən də aslıdı. Bədavi Hüseynov Türkiyə və Rusiya çempionatında oynaya bilər. Bədavi Hüseynov Türkiyə Superliqasında çıxış edən bir çox müdafiəçilərdən güclüdür və yaşı da azdı. Rahid Əmirquliyev də oynaya bilərdi. Rahid həmişə stabil oynayır. Mən tutaq ki, deyim ki, Bədavi Hüseynov Bundesliqada 10-cu yerdə gedən klubda oynaya bilər. Bu, bir az yalan olar. Yavaş-yavaş irəli getmək lazımdı. Türkiyə, Rusiya və.s çempionatlarda oynadıqdan sonra yüksək səviyyəli çempionatlara getmək olar.
- Son vaxtlar legioner futbolçulara borclarla bağlı UEFA-da klublarımız haqda şikayətlər çoxalıb. Bu şikayətlər agentlərin işini çətinləşdirmir ki?
- Futbolçuların ümumdünya birliyi var. Şükürlər olsun ki, orada bizim çempionatımız və klublarımız barədə bəyanat yayılmayıb. Əgər yayılsaydı imicə böyük zərbə olardı. Belə baxanda, bu, yalnız klubların özünə ziyandı.Düzü, bu hallar işimi çətinləşdirmir. Belə baxanda, legioner futbolçular Azərbaycana son dayanacaq kimi baxırlar. Səviyyəli futbolçular ilk “beşlik”də olan çempionatlarda oynamağa can atır. Pulu fikirləşən futbolçu isə Çinə və ərəb ölkələrinə üz tutur. Çox uzağa getmək istəmirsə, Türkiyə, Rusiya, Azərbaycan və Qazaxıstana gəlir.
- Qış fasiləsi ərəfəsində yeni transferlərlə bağlı komandalardan təkliflər almısan?
- Klublarla müntəzəm olaraq əlaqədəyik. Hazırda vəziyyət elə də yaxşı deyil. Maliyyə durumu yalnız “Qarabağ” və “Qəbələ”də yaxşıdı. Digər klublarda isə elə də ürəkaçan deyil. Hazırda təlabat yox kimidi. Maliyyə durumu aşağı olan klublarımız çox ucuz futbolçular istəyir ki, həmin oyunçuları biz Afrikadan və Braziliyanın 6-cı liqasından tapa bilərik. Futbolumuz sponsorlardan aslıdı. İnsanların futbola marağı çox azdı. İnanmıram ki, bilet satışlarının sayı artacaq.
Mehman Əşrəfov
saytlarin hazirlanmasi