"Manatın devalvasiyasından sonra bizi heç də yaxşı günlər gözləmir" MÜSAHİBƏ

13:09 - 10 Yanvar 2016

"Heç kimin xətrinə dəymək istəmirəm, amma hər kəs layiq olduğundan artığını alırdı"

 

Sportal.az FİFA meneceri Kamil Məmmədovun müsahibəsini təqdim edir:

 

- Futbol menecerləri də manatın devalvasiyasının təsirlərini hiss edir?

- Menecerlər müxtəlif olur. Amma kim ki, agent vəzifəsini yerinə yetirir, onlar ictimaiyyətin hər bir üzvü kimi, bu təsiri hiss edir. Bazar çox dəyişib. Həm də pis tərəfə. Devalvasiyadan xüsusi danışmağa ehtiyac yoxdur. Sadəcə, ilk devalvasiya zamanı təsir o qədər hiss olunmamışdısa, bu dəfə futbola çox ciddi təsiri hiss olunur.

 

- Əvvəllər çempionatımıza yaxşı pul qazanmaq yeri kimi baxan legionerlər bundan sonra elə düşünməyəcək?

- Bizim çempionata daha çox pul qazanmaq üçün gəlirlər. Ələtə, istisnalar da var. Məsələn, bəzi futbolçuların planında ilk yeri tam fərqli məqamlar tutur, nəinki maliyyə şərtləri. Manatın devalvasiyasından sonra bizi heç də yaxşı günlər gözləmir. Klublarımız başqa çempionatların iştirakçıları ilə rəqabət aparmaqda çətinlik çəkəcəklər. Hansı ki, bu, indiyə qədər də çətinliklə başa gəlirdi. Düzdü, klublarımızın Avropa Liqasının qrup mərhələsindəki uğurlu çıxışı imicimizə müsbət təsir edib. Amma təəssüf ki, bu, yetərli deyil. Əslində, bu böhranın müsbət tərəfləri də var. Klublar maliyyə məsələlərini daha ağıllı qurmağa çalışacaqlar. Hər qəpiklərinin də qədrini biləcəklər, boş yerə pul xərcləmək istəməyəcəklər. Hansı ki, bunu çoxdan etmək lazım idi. Son 9 ildə dağıdılan pullar futbolumuza 20 il bəs edərdi. Çox gülməli və acınacaqlıdır ki, vaxtilə legionerlərə yüz minlərlə dollarlar xərcləyən klublarımız indi ciddi maliyyə problemi yaşayır, FİFA tərəfindən ciddi sanksiyalarla üzləşir, hər qəpiyini hesablamaq məcburiyyətində qalıb. Niyə bu klublar elə ilk gündən belə ağıllı siyasət aparmırdı ki? Belə misallar çoxdu.

 

- Böhranın müsbət təsirinin olacağını dediniz. Hansı müsbət cəhətləri qeyd edə bilərsiz?

- Futbolumuzda çalışanlar bundan sonra layiq olduqları pulu almağa başlayacaqlar. Heç kimin xətrinə dəymək istəmirəm, amma hər kəs layiq olduğundan artığını alırdı. İndi isə klublarımız real ödənişə keçiblər. Ümid edirəm ki, bundan sonra futbolçularımı Avropaya üz tutmağa can atacaqlar. Hansı ki, bunu Gürcüstanda, başqa ölkələrdə çoxdan edirlər. Bu, Azərbaycan yığması üçün də müsbət addım olacaq. Klublarımız gəncləri yetişdirib, onları "ulduzlaşdırmağa" və xarici klublara satmaqda daha çox maraqlı olacaqlar. Eyni zamanda bundan sonra bizə bahalı futbolçular gəlməyəcək. Baxmayaraq ki, onsuz da xüsusi baha qiymətə oynayan da yox idi.

 

- Legionerlərin sayı azala bilər?

- Avrokuboklarda çıxış edən klublarımız markalarını qorumağa çalışacaqlar. Qalanları isə çox ucuz legionerləri saxlamağa səy göstərəcək. Yenidən dəstə-dəstə legionerləri baxışa çağırdığımız günlərə qayıdacağıq. Klublarımız pullarının qədrini bilməyə başladığından, hətta ucuz qiymətə olan futbolçunu da yoxlamadan heyətə qatmağa risk etməyəcək.

 

- Yəqin ki, Reynaldo və Almeyda kimi futbolçuları heyətdə saxlamaq çətin olacaq...

- Yüz faiz. İqtisadi proqnozlar vermək mənim işim deyil. Amma hazırda ən çox müzakirə olunan məsələ neftin qiymətidir. Hər kəs sadəcə, bu yöndə müsbət irəliləyişə ümid edir. İqtisadiyyatımız qaydasında olacaqsa, futbolumuza da pullar gələcək. Əks halda vəziyyət daha da pis ola bilər. Çünki, legioner futbolçular maaşlarını dollarla aldığından, onlar klublarımıza heç də sərf etməyəcəklər. Hələ ki, pullarını köhnə müqavilə ilə alırlar. Bundan sonra onlara real müqavilələr təklif olunacaq. Doğrudan da güclü legionerlər gedəcəklər, vəziyyətlə barışanlar qalacaqlar. Buna misal olaraq, "İnter"i göstərmək olar. Ötən mövsüm bu klubda olan maaşlarla indiki arasında çox böyük fərq var. Maaşlar 5-6 dəfə azaldılıb.

 

- Hansısa klubların fəaliyyətini dayandırması mümkündü?

- Bu, sponsorlardan, onların pulu hardan qazanmasından asılı olacaq. İstisna deyil ki, hansısa klubumuz fəaliyyətini dayandırsın. Yenə də bizə ən yaxşısına ümid etmək qalır.

 

- Ola bilər ki, bundan sonra Premyer Liqanı keçirmək üçün 10 komanda tapmaq da mümkün olmasın?

- Tamamilə mümkündü. Amma fərqli məqamlar da var. Məsələn, AZAL mövsümün əvvəlində büdcəni çox ciddi azaltdı, kəskin dəyişikliklər oldu. Amma siz bu komandanın ikinci dövrədə necə çıxış etdiyinə də baxın. Klubların belə addımlar atması çempionatın səviyyəsini aşağı salır, amma rəqabət böyüyür. İndi çempionatımızda iki imkanlı klub qalıb - "Qarabağ"la "Qəbələ". Bu iki klub aşkar şəkildə digər komandaları qabaqlayır. Amma gəlin "İnter"lə "Zirə"nin onlara necə müqavimət göstərdiyinə də diqqət yetirək. Yerli futbolçular pulu ikinci plana atıblar. Elə bunun özünün futbolumuza nə qədər müsbət təsiri olacaq.

 

- Elə ola bilər ki, AFFA da yığmamızın baş məşqçisi postunda Robert Prosineçkini yerli mütəxəssislə əvəz etsin?

- Onun indi nə qədər aldığını bilmirəm. Aydın məsələdi ki, az pul qazanmır. Amma yeni müqavilə bağlanacağı vaxt, təbii ki, xorvat mütəxəssisin də maaşını aşağı salmaq lazım gələcək. Yeganə məsələ onun buna razı olub-olmayacağıdı. İndi isə müqavilə var və hansısa dəyişiklik çətin ki, baş versin (azerisport.az).

Xəbər xətti