Yunis Hüseynov istefa verdi

16:32 - 13 Yanvar 2016

Yeni baş məşqçi məlumdu

 

Premyer Liqamızda növbəti baş məşqçi istefası gerçəkləşib.

 

 Sportal.az Apasport.az-a istinadən xəbər verir ki, “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov vəzifəsindən ayrılıb. O, bundan sonra yenidən komandanın idman direktoru vəzifəsini icra edəcək.

 

2015-ci ilin yayında baş məşqçi postuna qayıdan Hüseynov çempionatın 18 turu və 1 kubok oyunundan sonra vəzifəsindən ayrılıb. Əvvəllər də “ağ-yaşıllar”ın baş məşqçisi olan Hüseynov ümumilikdə bu postda 45 oyun keçirib.

 

“Xəzər Lənkəran” onun rəhbərliyi altında 13 qələbə qazanıb, 14 heç-heçə edib və 18 dəfə uduzub.  Bu görüşlərdən 39-u Premyer Liqa, 2-si Azərbaycan kuboku, 4-ü Avropa Liqasına təsadüf edib.

 

Əsas komandanın baş məşqçisi vəzifəsinə isə əvəzedicilərin çalışdırıcısı Elbrus Məmmədov gətirilib. Ötən ilin qışında da əvəzediciləri əsas komandaya dəyişən çalışdırıcı 14 çempionat və 2 kubok matçında komandaya rəhbərlik edib. Bu qarşılaşmalarda 2 qələbə və eyni sayda heç-heçəyə nail olan cənublular 12 dəfə meydanı xalsız tərk edib.

 

Cari mövsümün ilk yarısından sonra “Xəzər Lənkəran”ın həm əsas, həm də əvəzedici komandası turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 18 oyundan sonra Məmmədovun yeni komandası 12, əvəzedicilər isə 19 xal toplayıb.

 

Qeyd edək ki, bu, cari mövsümünün 4-cü baş məşqçi istefasıdı. Bunadək “Neftçi” Samir Əliyevi Əsgər Abdullayevlə, “Rəvan” Emin Quliyevi Bəhmən Həsənovla, “Sumqayıt” isə Aqil Məmmədovu Samir Abasovla əvəzləmişdi.

Xəbər xətti