Tuyqun Nadirov: "Yeni sponsorlarla müqavilə bağlanacaq" MÜSAHİBƏ

14:39 - 26 Yanvar 2016

"Maksimum dərəcədə çalışırıq ki, klub yaşasın"
 
Klublar Komitəsinin bugünkü iclasından sonra “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az xəbər verir ki, Nadirov klubla bağlı bir çox məqamlara aydınlıq gətirilib.
 
 
- “Xəzər Lənkəran”ın hazırkı durumu necədi?
- Hər şey qaydasındadı. Komanda çempionatın ikinci hissəsinə hazırlaşır. 6-7 aydı maaşların verilməməyi ilə bağlı xəbərlər yalandı. Düzdü, gecikmələr var. Amma elə ay olmayıb ki, futbolçular maaş almasın. Onların xərclərinin, problemlərinin olması aydındı. Biz oyunçulara bu yöndə kömək etməliyik.
 
- FİFA tərəfindən tətbiq edilən cərimə nə vaxt ödəniləcək?
- Həm dekabr, həm də yanvar ayında FİFA-nın İntizam Komitəsinə məktublar göndərmişik ki, bizə vaxt ayırsınlar. Futbolçuların vəkilləri və özləri ilə mütəmadi danışırıq ki, əlavə şikayət etməsinlər.
 
- Mübariz Mənsimovla klubdakı vəziyyətlə bağlı danışılıbmı?
- Burdakı problemlər əsas sponsordan qaynaqlanmır. Şirkətin bütün işləri qaydasındadı. Bu gün pul dövriyyəsində problem var. Bizə borclu olan şirkətlər pulu ləngidirlər. Həmin pullar qaytarıldığında hamısı “Xəzər Lənkəran”a xərclənəcək. Çünki başqa proyektimiz yoxdu. FİFA-ya 600 mindən çox borcumuz olsa da, bizə olan borclar 1 milyondan artıqdı. O borclar yığılsa, həm FİFA-nın borclarını ödəyərik, həm də futbolçuların mövsümün sonuna kimi olan maaşlarını verərik. Maksimum dərəcədə çalışırıq ki, klub yaşasın, aşağı yaş qrupları üzrə komandalarımız da çempionatlarda oynasın. Əsas komanda da normal şəkildə çıxışını davam etdirsin.
 
- Bildiyimizə görə, SOCAR-ın sizə 700 min manat borcu var...
- Bu barədə dəqiq məlumatım yoxdu. Bunu şirkətdə çalışan işçilər dəqiq bilərlər. Bəlkə bizim onlara borcumuz var. Başqa şirkətləri nəzərdə tuturam. Məsələn, bir marketlər şəbəkəsi var ki, bizə 300 min manat borcu var. Onları başa düşürəm. Çünki bu, ümumi vəziyyətlə bağlıdı. Bilərəkdən heç bir şey etmirlər. Bu, dövriyyə şəklində davam edən prosesdi.
 
- “Nar Mobile” ilə müqavilə ilə davam edir?
- Bəs futbolçuların kartlarına köçən pulları, vergiləri, digər xərcləri kim ödəyir? Bizə təkcə “Nar mobile” sponsorluq etmir. Bundan başqa “Atəşgah” sığorta şirkəti da sponsorluq edir. Yeni sponsorlarla müqavilə bağlanacaq.
 
- Komandadan qovulan və transferə çıxarılanların taleyi necə olacaq? Onlar bağışlanacaqmı?
- Əfsuslar olsun ki, onlar belə addım atdılar. Klubda daxilində həmin futbolçularla bağlı müzakirələr oldu. Qovulanların vərəqəsi verilib, transferə çıxarılanlar da vaxtını gözləyir. Hətta biri ilə bağlı da təklif almışıq. Transferlərə çıxarılanlara qoyulan qiymət indiyə kimi onlara çəkilən xərclərlə eynidi.
 
- Bu ayın sonuna kimi PFL-ə olan borclar ödənilməsə cəzalana bilərsiniz...
- Bizim AFFA-dan alacağımız verəcəyimizdən çoxdu.
 
- FİFA sizin futbolçulara pul ödəmədiyinizi görüb, xalınızı silməklə komandanızı cəzalandıra bilər...
- Bu, mümkündü. Hər şey ola bilər. Sizi inandırım ki, Azərbaycan klublarının 3-4-nün FİFA-ya bu cür borcu var. Onların içərisində ən az borc bizdədi.
 
Qafqazinfo.az

Xəbər xətti