Millimizin üzvü: "Köməyi dəyməyən legionerdənsə, öz gənc oyunçularmızın oynaması futbolumuzun da inkişafına xeyirdir" MÜSAHİBƏ

10:50 - 27 Yanvar 2016

"Zirə"nin potensialı böyükdür"

 

U-21 millimizin və "Zirə"nin müdafiəçisi Adil Nağıyev Sportal.az-ın suallarını cavablandırıb:

 

- “Zirə”nin Antalya hazırlığı barədə fikirlərin necədir? Yoxlama matçları necə keçdi?

- Hər şey yüksək səviyyədə oldu. Yaxşı hazırlıq keçdik. Yoxlama matçlarında çalışdıq ki, baş məşqçinin verdiyi tapşırıqları maksimum səviyyədə yerinə yetirək. Düşünürəm ki, bu toplanışın komandaya çox xeyri olacaq.

 

- İlk iki dövrədə gözəl oyun sərgiləyərək çoxlarının gözləmədiyi şəkildə 3-cü pillədə qərarlaşdız. Səncə, fasilədən sonra bunun davamını gətirə biləcəksiz?

- Üçüncü dövrədə daha yuxarı pillələrdə olmaq üçün gözəl oyun sərgiləyib  azarkeşlərimizi sevindirməyə çalışacağıq. Komandanın potensialı böyükdür.

 

- “Zirə”nin çempion olmaq şanslarını necə dəyərləndirirsən?

Hər bir komanda kimi, biz də çempion olmaq istəyirik. Amma, bizim əsas məqsədimiz gözəl oyun göstərib və yaxşı nəticə qazanmaqdır. Ümid edirəm ki, nə vaxtsa bizə də qismət olar çempion olmaq.

 

- Məlum olduğu kimi, devalvasiyadan sonar bir çox klublar legionerlərlə olan yollarını ayırdı. Bu da komandalarda yerli və gənc futbolçulara daha çox şans veriləcəyi anlamına gəlir. Səncə bu amil, futbolumuzun inkişafına müsbət, yoxsa, mənfi təsir göstərəcək?

Komandada yaxşı legioner varsa, əlbəttə ki, xeyri çox olar. Amma, köməyi dəyməyən legionerdənsə, öz gənc futbolçularımızın oynaması futbolumuzun da inkişafına xeyirdir. Bu, həmçinin klublar üçün də faydalı olar.

 

- U-21 millimiz “Antalya Cup” turnirində mübarizəni uğurla davam etdirir. Hazırlıqlar barədə fikirlərin?

- Millidə hər şey qaydasındadır. Turnirdə çıxdığımız 3 oyunda 3 qələbə qazanmışıq. Bu da futbolumuz üçün sevindirici haldır. Çoxdan idi ki, milli komandalarda ardıcıl 3 qələbə qazanan olmamışdı. Bu da bir ilkdi.

 

- Artıq, sizi turnirin qalibi adlandırmaq olar?

- Belə düşünürəm ki, biz işimizin 70-80%-ni yerinə yetirmişik. Beəhreynlə oyunda qalib gəlsək, son oyunun nəticəsindən asılı olmayaraq çempion oluruq. Lakin, Premyer Liqamız yanvarın 30-u start götürəcəyinə görə son turda oynamalı olduğumuz Kosova yığması ilə matçda oynamayacağıq. Bu da çempion olmağımıza problem yarada bilər.

 

- Son olaraq, öz oyunun barədə. “Zirə”də və millidəki çıxışından razısan? Narazı qaldığın məqamlar yoxdur ki?

- Heç bir oyundan sonra özümdən razı olmuram. Razı qalmağa haqqım da yoxdur. Gənc olduğum üçün həroyundan sonra daha da artırmalıyam. Öz üzərimdə hələ çox işləməliyəm.

Xəbər xətti