Yaşar Seyidov: "Futbolumuz ölüm ayağındadır"
"Bakı" klubunun vitse-prezidenti Yaşar Seyidovun Sportal.az-a müsahibəsi:
- Bu gün maliyyə baxımından bütün Azərbaycan futbolu iflas vəziyyətindədir. Bizim klubda da çətinliklər var, amma reallığa uyğun olaraq öz işlərimizi qurmuşuq. Çətinliklər qarşılığında futbolçularımıza əhsən düşür ki, bu vəziyyətə duruş gətirir. İkinci dövrənin başlamasına az müddət qalıb, bu vəziyyətin sonu necə olacağı haqda indidən nəsə demək çox çətindir.
- Klubun sahibi Hafiz Məmmədovla bu haqda danışıqlarınız olub?
- Məsələ Hafiz müəllimlik deyil, ümumiyyətlə futbolumuz pis durumdadır. Hazırda yalnız “Bakı”da maliyyə problemləri yoxdu ki. İdman növləri içərisində hazırda ən problemli, çətin vəziyyətdə olan futbolumuzdur. AFFA rəhbəri Rövnəq Abdullayevə klub rəhbərləri ilə görüş keçirib bu vəziyyətdən çıxış yollarını axtarmağını arzu edirəm. Bu məsələlər həll olunmasa, yaxın illərdə Azərbaycanda futbolçu tapılmayacaq. Bu il 17 yaşlılar arasında Avropa çempionatı ölkəmizdə keçiriləcək, amma Avropa çempionatı keçirən ölkənin U-16 Liqasında nə qədər komandalar oyunlara getməyərək texniki məğlubiyyət alırlar. Bu, futbolumuzun inkişafı demək deyil. AÇ-2020-nin bir neçə qarşılaşması ölkəmizdə keçiriləcək. Ölkə prezidenti də çıxışlarında millimizin bu qitəmiqyaslı turnirdə oynamasını istəyir, amma bu gedişlə mümkün olmayacaq. Futbolumuz ölüm ayağındadır. Hazırda “Bakı” Futbol Akademiyasında 300-dən çox futbolçu yetişir, akademiyamızda hazırda da çətinliklər var. Əgər bu futbolçuları yetişdirən akademiya ilə heç kim maraqlanmırsa, görün, futbolumuz nə gündədir. Biz indi oturub gözləməməliyik ki, ölkə prezidenti futbolumuzun problemləri ilə maraqlansın. Futbolun siyasətini aparan və futbolu bilənlər bir araya yığışıb çıxış yollarını axtarmalıdır. Məsələn, mənim də bəzi təkliflərim var, amma harda səsləndirim?
- "Bakı" I Divizionda çıxışını davam etdirəcək?
- Çıxışımızı davam etdirəcəyik, amma biri var çempionata hazırlaşıb oynayasan, biri də var çempionatda oynamaq xatirinə mübarizə aparasan. Artıq gərgin mübarizə, çempionluq uğrunda mübarizə yoxdur. Çempionun adı indidən məlumdur
- İllər öncə klublarımızın xərclədiyi külli miqdarda pulların boş yerə getdiyini düşünmürsünüz?
- Problemlər birdən-birə yaranmır. Ağasəlim Mircavadov, Vaqif Sadıqov, Böyükağa Hacıyev kimi adamlar futbolumuzda öz sözünü deməlidir, Məşqçilər komitəsində yer almağı bizə lazım deyil. Onların bilik və bacarığı imkan verir ki, millimiz üçün layiqli futbolçular hazırlasın. Onları Məşqçilər Komitəsinə otuzdurmaqla heç nə əldə etmək olmaz. Əlbəttə, bir neçə il öncə bizimkilərin təklifləri qəbul edilmirdi, amma legioner deyən kimi olurdu. Legionerlər ölkəmizdən yetəri qədər pullar apardığı da göz qabağındadır. Klublar Komitəsinə bir neçə təkliflər vermişdim, amma heç biri müzakirə olunmadı. Artıq indi demək olar ki, çox klubumuzda maliyyə problemləri var.
- "Atletiko" və "Lans"la məsələlər nə yerdədir?
- “Atletiko” “Lans”ın bütün idarəetməsini öz üzərinə götürüb. Bu məsələ dünən həll olunub. Biz də “Atletiko”ya vəziyyətdən çıxmaq üçün müəyyən təkliflər irəli sürmüşük, onların cavabını gözləyirik. Sona qədər klubun yaşaması üçün əlimdən gələni edəcəm. İşimiz də göz qabağındadır, nə qədər futbolçumuz komandadan getdi, amma yenə də oynamağa futbolçumuz var. Bütün klublarımızda “Bakı”nın yetirmələri oynayır. Sonda onu deyim ki, əgər ölkə başçımız xalqını düşünərək gecə-gündüz çalışırsa, AFFA prezidenti də futbolumuzu bu vəziyyətdən çıxarmaq üçün belə çalışmalıdır.
saytlarin hazirlanmasi