Amil Yunanov: "Neftçi" ilə matçda üç xal bu dəfə bizim olacaq" MÜSAHİBƏ

00:02 - 30 Yanvar 2016

"Mən öz sözümü deməyə hazıram"
 
"Sumqayıt"ın hücumçusu Amil Yunanov sportal.az-a müsahibə verib.
 
 
- Bu gün qış fasiləsi başa çatır. Təlim-məşq toplanışınız necə keçdi?
 
- Məşqlər yaxşı keçdi. Kifayət qədər yaxşı hazırlaşa bildik. Dörd yoxlama oyunu keçirdik və birində məğlub olduq. Amma bu matçlarda öz istədiyim kimi oynaya bilmədim. İnşallah Premyer Liqa matçlarında yenidən öz sözümü deyəcəm.
 
- Bu gün “Neftçi”ilə qarşılaşacaqsınız. İlk dövrədə hər iki oyunda “Neftçi”yə məğlub olmusunuz...
 
- Bu oyunda hədəfimiz yalnız qələbə qazanmaqdır. Rəqibimz çox güclüdür. Maraqlı və gərgin oyun olacaq. İnanıram ki, "Neftçi" ilə matçda üç xal bu dəfə bizim olacaq.
 
-  Son oyunların hamısında fərqlənmisiniz. Bəs, “Neftçi”yə qol vuracağına inanırsınız?
 
- Söz vermirəm ki, qol vuracam. Amma Samir müəllim şans verərsə, əlbəttə, qol vurmaq istəyərəm. Əlimdən gələni edəcəm ki, qol vurub komandama kömək edim və qollarımı sıralayım.
 
- Qış fasiləsində heyətinizə gənc futbolçularla yanaşı, təcrübəli futbolçular da cəlb olundu. Sizcə, ikinci dövrədə “Sumqayıt” daha iddialı ola biləcək?
 
- Heyətimizə cəlb olunan futbolçular sözsüz ki, bizə çox faydalı olacaqlar. Çox sevindim ki, heyətimizə Vaqif Cavadov, Səlahət Ağayev və Rasim Ramaldanov kimi təcrübəli futbolçular cəlb edildi. İnşallah çalışacağıq ki, daha yaxşı mövqeyə yüksələk. Dördüncü pillədən 10 xal geri qalırıq. Bu fərqi aradan qaldırmaq üçün mübarizə aparacağıq. Niyə də bacarmayaq? Hər şey biz futbolçulardan aslıdır. Futbolda hər şey mümkündür.
 
- Samir Abasovun hücumun mərkəzində yeni transfer Vaqif Cavadova şans verəcəyi gözlənilir. Cavadovla mübarizədən çəkinmirsiniz?
 
- Vaqif Cavadov Azərbaycan futbolunda öz sözünü demiş futbolçudur. Baş məşqçimizin seçimi var. Kimi məsləhət görəcəksə, o da oynayacaq. Əsas odur ki, “Sumqayıt” daha da güclü olsun və qələbə qazansın. Samir müəllim mənə nə zaman şans verərsə, mən öz sözümü deməyə hazıram.

Xəbər xətti