“Qarabağ”da oynamaq şansım biraz az idi"
"Qarabağ"ın futbolçusu Vüqar Mustafayevin icarə əsasında "Zirə"yə keçidi barədə xəbər vermişdik.
Yeni transfer Sportal.az-ın suallarını cavablandırıb:
- “Qarabağ”da az şans əldə edirdin. “Zirə”yə gəlməyini karyeranda yüksəliş kimi adlandırmaq olar?
- “Qarabağ”da oynamaq şansım biraz az idi. “Zirə”də isə oynamaq ehtimalım bir qədər çoxdur.Lakin, bu o demək deyil ki, burda da hər zaman oynacağam. Forma şansı əldə etmək üçün əlimdən gələni etməliyəm. Məşqçilərin mənə verdiyi şansı doğrultmaq üçün daha çox çalışmalıyam.
- Artıq, ilk oyun olan “İnter”lə matçda meydanda idin və komandanın qələbəsində pay sahibi oldun...
- Çətin oyunda vacib 3 xal qazandıq. Qələbə üçün hamı əlindən gələni etdi. Bu oyunu unudub qarşıdakı matçı fikirləşməliyik. Daha çətin bir oyun bizi gözləyir.
- “Zirə” Premyer Liqada debüt etsə də, artıq 2-ci pillədə qərarlaşıb. Komandanın çempion olmaq şanslarını necə dəyərləndirirsən?
- Çempionluq haqqında danışmaq tez olar. Xeyirlisi nədisə, o da olsun. Biz sona qədər öz mübarizəmizi aparacağıq.
- Çempionluq yolunda əsas rəqibiniz “Qarabağ”dır. Bu amil səni qorxutmurki?
- Premyer Liqada hər bir rəqib bizim üçün əsas rəqibdir. Bizi heç bir rəqib qorxutmur. Futboldu, hər şey ola bilər.
- Yeni komandanda özünü necə hiss edirsən? Ab-hava necədir?
- Komandada ab-hava yaxşıdır. Burada da böyük-kiçik yeri var. Bu da kollektivin birliyi üçün əsas amillərdən biridir.
- “Zirə”də az da olsa azarkeşlər öz dəstəyi ilə seçilir. Bu dəstəyi ilk oyunda hiss edə bildin?
- Azarkeşlərə bütün komanda yoldaşlarım adından təşəkkürümü bildirirəm. Sağolsunlar ki, hər oyunda gəlib dəstək olurlar. “İnter”lə matçda da bu dəstəyi hiss edə bildik. Onların dəstəyi komandaya hər zaman lazımdı.
- Premyer Liqanın növbəti turu çərçivəsində “Sumqayıt”la qarşılaşacaqsınız. “Sumqayıt” son oyunda məğlub olsa da, bu mövsüm sürpriz nəticələri ilə yadda qalıb. Bu haqda fikirlərin?
- Bizi çox çətin oyun gözləyir. Bunu komandada hamı dərk edir. Qələbə üçün əlimizdən gələni etməliyik.
saytlarin hazirlanmasi