"Rəvan" kimi komandalar bizə qarşı daha yaxşı oynayır" MÜSAHİBƏ

00:02 - 6 Fevral 2016

"Hakim oyunu tez-tez saxlayanda bir az əsəbləşirsən"
 
"Neftçi"nin kapitanı Araz Abdullayevin "Rəvan"la oyundan sonra Sportal.az-a müsahibəsi:
 
- "Rəvan"a qalib gələ bilmədiniz...
- Açığını desəm, ilk yarıda biz öz oyunumuzu göstərə bilmədik. İkinci hissədə isə rəqibin qapısı qarşısına yaxınlaşmaq istədik. Amma ikinci yarının əvvəlində öz qapımızda qol gördük. Buna baxmayaraq, komanda ruhdan düşmədi. "Rəvan" qapısı qarşısında çox sayda qol epizodu yaratdıq. 
 
- Daha çox qol vurmamağınıza səbəb nə oldu?
- "Rəvan" çox yaxşı futbol oynadı. Onları da buna görə təbrik edirəm. "Neftçi"dən bir xal götürmək asan iş deyil. Çalışacağıq ki, qarşıdakı görüşlərdə azarkeşlərimizi sevindirək.
 
- Cari mövsüm artıq ikinci dəfədi ki, "Rəvan"a qalib gələ bilmirsiniz. Bu komanda ilə oynaya bilməməyinizin səbəbi nədi?
-"Qarabağ" və "Qəbələ" kimi iddialı komandalarla oyuna daha yüksək motivasiyada hazırlaşırsan. "Rəvan"a da hörmətlə yanaşırıq, yaxşı komandadı. "Rəvan" kimi komandalar bizə qarşı daha yaxşı oynayır. Hər halda qələbə qazana bilərdik. Amma alınmadı.
 
- Tez-tez baş hakimə etiraz edirdiz. Hakim idarəçiliyndən narazı qaldın?
- Xeyr, heç bir problem yoxdu. Elvin Əsgərovla dostuq. Hərdən görüşüb söhbət edirik. Sadəcə, oyunun tempi yüksəldikcə, istəyirsən daha da yüksəlsin, düşməsin. Hakim oyunu tez-tez saxlayanda bir az əsəbləşirsən. Meydanda olanlar elə orda da qalır.

Xəbər xətti