"Rəqibi də gözəl oyununa görə təbrik edirəm"
Azərbaycan Premyer Liqasının 21-ci turunda “Xəzər Lənkəran”ı 1 – 0 hesabı ilə məğlub edən “Neftçi” klubunun futbolçusu Elşən Abdullayev matçdan sonra sportal.az-a oyunla bağlı fikirlərini bildirib:
- Komandanın yeganə qolunu vurdun. Oyun haqda fikirlərini bölüşərdin...
- “Xəzər Lənkəran” bu gün çox gözəl mübarizə apardı. Sözün düzü, onların belə mübarizə aparacağını gözləmirdik. Çoxlu qol epizodlarımız olsa da onlardan istifadə edə bilmədik. Şükür Allaha son dəqiqələrdə qələbə qolunu vurduq. Bu qələbədə böyük pay sahibi olduğum üçün çox sevinirəm. Rəqibi də gözəl oyununa görə təbrik edirəm.
- Rəqibinizin heyətində təcrübəli futbolçu demək olar yoxdur. “Xəzər Lənkəran”ın yaxşı oyun nümayiş etdirməsi “Neftçi”nin zəifliyidir?
- Futbol elə bir idman növüdür ki, burada yaşın əhəmiyyəti yoxdur. Düzdür, “Xəzər Lənkəran” xeyli zəifləyib. Amma bu gün layiqli mübarizə apardılar.
- “Rəvan” və “Xəzər Lənkəran”la matçda “Neftçi” elə də yaxşı futbol nümayiş etdirmədi. Növbəti oyununuz isə “Qarabağ”ladır...
- “Qarabağ” iddialı və Avroliqada çıxış etmiş klubdur. Həmin oyunda mütləq qələbə qazanmalıyıq. Bizi digər nəticələr qane etmir.
- Vurduğun qolu çılğın şəkildə qeyd etdin
- Çox sevincli idim. Həm də oyunun axırları idi. “Xəzər Lənkəran” əzəli rəqib olduğundan qol sevincimi belə qeyd etdim.
- Lənkəranda baş tutan oyunda hesabı sən açmışdın. Bu oyunda da belə oldu. Özünü qəhrəman hesab edirsən?
- Bütün komanda qəhrəmandı. Mən özümə bu adı verməzdim.
saytlarin hazirlanmasi