"Gəncə stadionu fəlakətdi"
"Kəpəz"in qolkiperi Tadas Simaitis sportal.az-a müsahibə verib:
- "İnter"in qış fasiləsindən sonra bu matça qədər qələbə qazana bilməməsinin oyununuza təsiri oldu?
- "İnter"in III dövrənin ilk 3 turunda qələbə qazanmadığını bilirdik. Bu üzdən də "İnter" bu görüşə final gözü ilə baxırdı. Bizim üçün adi oyun idi. Bütün görüşlərdə qələbə qazanmaq mümkün deyil.
- Süni örtüklü meydanda çıxış etmək sizin üçün çətin deyildi?
- Fikrimcə, bunun oyunumuza az da olsa, təsiri oldu. Bu gün ən yaxşı oyunumuzu göstərə bilmədik. Elə buna görə də, məğlub olduq.
- Amma razılaşın ki, Gəncə stadionunda da çıxış etmək asan deyil...
- Gəncə stadionu fəlakətdi. Orda, ümumiyyətlə, futbol oynamaq mümkün deyil. Amma həmin meydanda bizim kimi, "Qəbələ", AZAL, "Qarabağ" və digər komandalar da çıxış edirlər. Biz Gəncədə fərqli oyun göstəririk və bunun nəticəsidi ki, evdə qələbələr qazanırıq.
- Heç cür stabil çıxış edə bilmirsiz. Bunun səbəbini nədə görürsüz?
- Heç bir komanda stabil nəticə göstərmir. Hətta “Qarabağ" da bəzən ardıcıl 3 tur qələbə qazana bilmir. Azərbaycanda bütün komandaların gücü bir-birinə yaxındı. Buna görə də, ardıcıl qələbələr qazanmaq çox çətindi. Yalnız "Barselona" 31 oyundu ki, məğlub olmur.
- "Kəpəz"in avrokuboklara yollanmaq şansını necə dəyərləndirirsiz?
- Avrokuboklara yollanmaq üçün çox yaxşı şansımız var. Qarşıda bizi hələ 15 tur gözləyir. Hər şey ola bilər.
- Sizi gələn mövsüm də "Kəpəz"də görəcəyik, yoxsa başqa komandaya keçmək fikrindəsiz?
- "Kəpəz"lə müqavilə müddətim mövsümün sonuna qədərdi. İndidən nəsə deyə bilmərəm. Nələrin baş verəcəyini mövsümün sonunda görəcəyik.
- Azərbaycan klublarından təklif almamısız?
- Xeyr.
- Litva millisinə çağırılmaq şansınızı necə görürsüz?
- Yığmaya yeni baş məşqçi gətiriblər. Hesab edirəm ki, mənim milliyə düşmək şansım çox deyil. Orda Vitautas Çernauskis, Qedrius Arlauskas kimi qapıçılar var. Xüsusən də, Arlauskas "Espanyol"da çıxış edir. Təbii ki, dəvət gələrsə, çox sevinərəm.
- Azərbaycanda oynamaqla milliyə düşməyin çətin olduğunu demək istəyirsiz?
- Bəli. Əgər başqa mövqedə çıxış etsəydim, şansım olardı. Məsələn, Mindauqas Kalonas, Deyvidas Çesnauskis burda oynadığı vaxtlarda yığmaya dəvət alırdılar. Litvada isə hazırda 5-6 çox güclü qapıçı var. Başqa mövqedə oynasaydım, yüz faiz milliyə çağırılardım.
saytlarin hazirlanmasi