Şahin Diniyev: "Sadəcə, qol çatmadı"

17:06 - 27 Fevral 2016

"Rəqib elə-belə komanda deyil"

 

Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində keçirilən “Kəpəz” – “Sumqayıt” oyunundan (0:0) sonra hər iki komandanın baş məşqçisi jurnalistlərin önünə çıxıb. 

 

Sportal.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı Şahin Diniyev matçla bağlı bunları deyib:

 

“Oyun doğrudan da maraqlı keçdi, komandalar təzyiq altında oynadılar.  Uşaqların göstərdiyi futboldan tam razıyam. Sadəcə, qol çatmadı. Heyətdə problemlər var idi, zədə səbəbindən Junior Osvaldonun oynamaması müəyyən problemlər yaratdı. Komanda meydanda bacardığından da çoxunu elədi. Rəqibi də oyuna görə təbrik edirəm. “Sumqayıt” mənim ən çox sevdiyim komandalardan biridir. Sürətli futbol oynayırlar, tez hücuma atılırlar. Düşünürəm ki, bu gün biz belə həmlələrin qarşısını ala bildik. Rəqib elə-belə komanda deyil. Liderlərə problem yaradan və yaxşı oyun göstərən kollektivdir. Baş məşqçi Samir Abasovun işi görünür”.

Xəbər xətti