"Baş məşqçini çox gözəl başa düşürəm"
“Qarabağ”ın futbolçusu Qara Qarayev Sportal.az-a müsahibə verib.
- Oyun haqda fikirlərini bildirərdin...
- Bilirdik ki, "İnter" bizə tanış olmayan taktiki sxemlə oynayır. Bu bizə çətinlik yaradırdı. Ümumilikdə oyunu yaxşı başa vurduq. Məğlub ola bilərdik. Şükürlər olsun ki, bir xal qazana bildik. Artıq bundan sonra oyunlar getdikcə çətinləşəcək.
- "Zirə" ilə xal fərqi azaldı. Bu barədə nə deyə bilərsən?
- Sona yaxınlaşdıqca komandalar fərqli nəticələr göstərir. Bu gün "Qəbələ" də xal itirdi. Bu da rəqabətin artdığını göstərir. Turlar keçdikcə hamı öz oyununu tapır. Xal fərqinin azalmasını bizim üçün problem hesab etmirəm. Əksinə, bu, yaxşıdır. Rəqiblər yaxınlaşdığı üçün növbəti matçlara daha ciddi hazırlaşıb diqqətli oynamalıyıq.
- Bərabərlik qolu vurulana qədər sanki "Qarabağ"ın hücumları alınmırdı. Bunun səbəbi nədir?
- "İnter" 5 müdafiəçi ilə oynayırdı. Hətta 2 yarımmüdafiəçi də müdafiəçilərə kömək edirdi. Belə müdafiə xəttini yarmaq çox çətindir. Amma oyunun sonlarına yaxın rəqibdə yorğunluq yaranmışdı. Bizim topa çox nəzarət etməyimiz "İnter"in futbolçularının yorulmasına səbəb oldu. Bu yorğunluğa görə, boşluqlar buraxdılar.
- Belə söhbətlər yayılıb ki, Qurban Qurbanovla daim oynamaq barədə söhbət etmisən. Nə dərəcədə doğrudur?
- Qurban Qurbanovla bu barədə söhbətimiz olmayıb. Buna heç ehtiyac da yoxdur. Baş məşqçi nə vaxt meydana buraxsa, oynayacam, nə vaxt buraxmasa, şansımı gözləyəcəm.
- Adın "Qəbələ" ilə hallanırdı…
- Xeyr, bu söhbətlər hamısı şayiədir. "Qarabağ"da ola-ola heç bir klubla danışıq aparmıram, Danışıq aparmaq niyyətim də yoxdur.
- Gənc oyunçusan. Ehtiyatda qalmaq səni narahat etmir?
- Mən uzun müddətdi ehtiyatda qalmıram. 2-3 oyun idi ki, əsas heyətdə yer almırdım. Əgər 1-2 il bu vəziyyət davam etsə formada qalmağım üçün Qurban müəllim də istəyər ki, başqa komandaya gedim. Amma indiki məqamda çox ehtiyatda qalmıram. Baş məşqçini çox gözəl başa düşürəm. Limitə görə bəzi dəyişikliklər məcburidir. Əgər çox ehtiyatda qalsam getmək barədə düşünərəm. İndi isə belə bir fikrim yoxdu.
saytlarin hazirlanmasi