"Heç-heçə ədalətli nəticədi"
"İnter"in kapitanı Nizami Hacıyev "Qarabağ"la (1:1) matçdan sonra Sportal.az-a müsahibə verib.
- Oyun haqda fikirləriniz?
- "Qarabağ"ı təhlil etmişdik və çətin olacağını bilirdik. Hər şey gözlədiyimiz kimi oldu. Bu gün bir xal qazandıq. Çünki qarşımızdakı son 2 mövsümün çempionu olan komanda idi. Yenə deyirəm, ölkənin ən güclü komandası ilə dueldən 1 xal qazandıq. Bunu deməkdə yanılmıram. Düzdü, qolu son dəqiqələrdə buraxdıq. Amma rəqib bir qədər əvvəl də qol vura bilərdi. Məncə, heç-heçə ədalətli nəticədi.
- Nə baş verdi ki, rəqib son dəqiqələrdə qol vurdu?
- Müdafiə ilə bağlı problemlər yarandı. Bunu müzakirə etmək istəmirəm, çünki mənim səlahiyyətimdə deyil. Baş məşqçi var, səhvləri, nöqsanları deyəcək. Yorğunluq var idi. “Qarabağ” fiziki baxımdan ən hazırlıqlı komandalardandı. Ümumi götürdükdə, komandamız yaxşı oynadı.
- İkinci hissədə müdafiə futbolu sərgilədiniz. Sizcə, müdafiə olunmaqla tələsmədiniz?
- Qolu vurduqdan sonra hesabı qorumağa çalışdıq. İndi nə desək gecdi, çünki oyun başa çatıb, komandalar hərəyə 1 xal qazanıb. Nəticə məlumdu. Razıyam ki, müdafiəyə erkən çəkildik. Rəqibi əks-hücumlarda da tuta bilərdik. Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdı. Bunun üçün də sona qədər mübarizə aparacağıq.
- Avrokuboklara vəsiqəni çempionatdan, yoxsa ölkə kubokunu əldə etməklə qazanmaq istəyirsiniz?
- Əsad diqqətimizi çempionata yönəltmişik. Təbii ki, mümkün olsa, kuboku qazanmağa çalışacağıq. Heyətlə bağlı müəyyən problemlərimiz var. Əksər futbolçumuz zədəlidi, əlimizdə istədiyimiz qədər oyunçu yoxdu.
- III dövrədə 5 oyun keçirmisiniz və cəmi 5 xal qazanmısınız. Bu nəticəni “İnter” üçün qənaətbəxş hesab etmək olar?
- Xeyr, yaxşı nəticə deyil. Amma arxada qalan oyunlar haqda danışmaq da gecdi. Yaxşı hazırlaşmamışdıq. Bu, bütün komandanın səhvidi. Bundan sonra yaxşı olacağını düşünürük.
saytlarin hazirlanmasi