"Böyükağa Hacıyevin futboldan getməyi futbolumuza böyük zərbə oldu"
AFFA məşqçilər komitəsinin üzvü, "Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev Sportal.az saytına müsahibə verib.
- “Neftçi” hazırda çətin günlərini yaşayır. "Zirə"nin ardından dünən "Xəzər Lənkəran"a məğlub oldu...
- Sözün düzü mən də heç görməmişdim. Çox pis vəziyyət yaranıb.
- Azarkeşlər fikirləşir ki, “Neftçi”ni bu vəziyyətdən yalnız Böyükağa Hacıyev xilas edə bilər...
- Bu fikir yalnız “Neftçi”ni sevənlərin ağlına gələ bilər. Başqa heç kəs bu haqda düşünmür.
- Sizcə, Əsgər Abdullayevli “Neftçi”nin axırı necə olacaq?
- Belə gedişlə Premyer Liqanı tərk edəcəklər.
- “Neftçi”nin əvvəlki günlərinə qayıtması üçün nə lazımdır?
- Bu kluba ilk növbədə Sadıq Sadıqov lazımdır. Daha sonra isə ideal bir komanda yaratmaq mümkün olar.
- Bir çoxları fikirləşirdi ki, “Neftçi” yeni rəhbərliklə yeni uğurlar qazanacaq. Amma hər şey əksinə oldu...
- Mən artıq nəsə deyə bilmərəm. Deyəcəm, deyəcəklər ki, paxıllıq edir. Onu qıraqdan ictimaiyyət baxanda daha yaxşı görür. Sadıq Sadıqovun vaxtındakı “Neftçi” başqa “Neftçi” idi. İddialı bir komanda idik. Hər mövsüm titul qazanırdıq. Bizim üçün 2-ci, və 3-cü yeri tutmağın, 8-ci pilləni tutmaqdan heç bir fərqi yox idi. Əsas məqsədimiz həmişə çempionluq olub. Çempion olmadığımız mövsüm isə ölkə kubokuna qarmaq atırdıq.
- Kənardan “Neftçi”yə baxanda necə mənzərə görürsünüz?
- Biabırçılıqdır. Acınacaqlı vəziyyətdir.
- Biabırçılığı nədə görürsünüz?
- Komanda nizam-intizamlı olmalıdır. Futbolçular səviyyələrindən aşağı çıxış edirlər. Gətirilən legionerlər komandaya fayda vermir.
- Legionerləri komandaya Vəli Qasımov seçir...
- Vallah billmirəm kim gətirir. Amma kim gətirirsə, səhv gətirib.
- Meydanda da hiss olunur ki, bəzi futbolçular aşağı səviyyədə çıxış edir...
- Mənim vaxtımda nə Ruslan Qurbanov nə də Cavid İmamverdiyev belə çxış etmirdilər. Yəqin ki, onlara bu şəraiti yaradanlar var. Cavid və Ruslan yaxşı futbolçulardır. Onlara bu şəraiti yəqin rəhbərlik və məşqçilər heyəti yaradıb.
- Bəs, sizin vaxtınızda niyə nizam-intizamlı idilər?
- Mənim başqa cür dəst-xəttim var idi. Hamı öz yerini bilirdi.
- Bu gedişlə “Neftçi” avrokuboklara vəsiqə qazana biləcək?
- Belə oynasalar, hara gedirlər? Çətin.
- “Neftçi”nin bu vəziyyəti çempionatda rəqabəti azaldıb...
- Yadınızda saxlayın. Böyükağa Hacıyevin futboldan getməyi futbolumuza böyük zərbə oldu və gedişimlə rəqabət öldü. Mənim vaxtımda çempionatda rəqabət var idi. Hazırda Azərbaycan çempionatında mübarizə yoxdur.
- Bəs, rəqabətin olması üçün nə lazımdır?
- Böyükağa Hacıyev.
- Futbola nə vaxt qayıdırsız?
- Hələ ki, heç bir təklif yoxdur. Əgər olsa, dəyərləndirmək fikrim var.
- “Neftçi”dən başqa bir klubun təklifini qəbul edərsiniz?
- Əlbəttə. Adıma layiq komanda olsa, gedərəm.
Mehman Əşrəfov
saytlarin hazirlanmasi