Rauf Əliyev: "Robert Prosineçki mənə inandığını söyləyib" MÜSAHİBƏ

13:30 - 4 Mart 2016

"Öz formama qayıtmağa çalışacam"
 
“İnter”in və milli komandamızın hücumçusu Rauf Əliyev Sportal.az saytına müsahibə verib.
 
- Zədəniz nə yerdədir?
- Fərdi məşqlər edirəm. 1 ay yarımdan sonra komanda ilə birgə məşqlərə başlayacam. Meydana nə zaman qayıdacağımı dəqiq olaraq bilmirəm.
 
- “İnter”in qış fasiləsindən sonrakı çıxışını necə dəyərləndirirsiniz?
- Komandada hər şey normaldır. “Qarabağ”la da oyunda çox yaxşı oyun nümayiş etdirdik. Düzdür, sonuncu oyunda “Rəvan”a məğlubiyyət oldu. Ancaq cavab qarşılaşmasında yarımfinala vəsiqə qazanmaq mümkündür.
 
- Bir çoxlarının fikirlərinə görə, Yuri Fomenko Rauf Əliyevin boşluğunu doldura bilmir...
- Yuri Fomenko yaxşı futbolçudur və mübariz oyunçudur. Ola bilər ki, qol vura bilməsin, amma çox çalışır. Son iki oyunda həqiqətən də onun komandaya xeyri dəyib. Başqa nəsə deməyə çətinlik çəkirəm...
 
- Sizcə, “İnter”də nə çatışmır? Ən azı, qıraqdan baxanda daha rahat görünür...
- Bəzi oyunlarda çətinliklə qalib gəldiyimizi deyə bilərəm. Həm də oyunlarda az qol vururuq. Amma 5 müdafiəçi ilə oynayanda belə olmalıdır. Çünki daha çox müdafiə xəttinə fikir verirsən. Başqa bir problem yoxdur...
 
- Söz-söhbət gəzir ki, futbolçular və azarkeşlər Zaur Svanadzedən narazıdırlar... Sizcə, Zaur Svanadze öz öhdəsinə düşən vəzifəsinin öhdəsindən gələ bilir?
- Məncə, bunların hamısı şayiələrdir. Zaur müəllim komandanın yaxşı çalışdırır. Biz hamımız Zaur Svanadzedən razıyıq.
 
- Bir vaxtlar “Neftçi”nin şərəfini qoruyurdunuz. Keçmiş komandanızın pis günlər yaşaması sabiq neftçiliyə necə təsir edir?
- Sözün düzü, başqa komandaların çıxışı haqda o qədər də maraqlanmıram. Hazırda “İnter”in futbolçusuyam. Tək “Neftçi” deyil, bir neçə komanda ağır günlər yaşayır.
 
- Əksər hallarda deyirlər ki, “Neftçi”siz çempionatın "duzu-istiotu" yoxdur...
- Razılaşmıram. Çünki “Neftçi”dən başqa da böyük komandalar var. “Qarabağ”, “Qəbələ”, “İnter” və “Xəzər Lənkəran” klubları da çempionata rəng qatırlar. Sadəcə maliyyə durumu hazırda yaxşı olmadığı üçün bəzi komandalar çətin günlər yaşayır. “Neftçi” daha çox köklü klubdur. Amma klubun daxilində nələrin baş verdiyi haqda deyə bilmərik.
 
- Rauf Əliyev millimizin qol silahı hesab edilirdi. Həmin Raufu yenidən görə biləcəyik?
- İnşallah, zədəmi tam sağaldandan sonra çalışacam ki, həm klubuma, həm də yığma komandaya faydalı olum. Öz formama qayıtmağa çalışacam.
 
- Robert Prosineçki ilə söhbətiniz olub?
- Bəli. Azərbaycan və Xorvatiya yığmalarının oyunu günü görüşmüşdük. O, mənə inandığını söyləyib.
 
Mehman Əşrəfov

Xəbər xətti